48. 535 dəfə oxunub ,   1 şərh   Çap et

İslamda böyüklərə hörmət, kiçiklərə sevgi bir əsasdır. Dinimiz əldən-ayaqdan düşən qocalara qayğı göstərməyi tövsiyə etmişdir. Çünki yaşlıların sayəsində insanın ruzisi və ömrü artır və yenə yaşlılara görə Allah (cəllə cəlaluhu) gənclərdən köməyini əsirgəmir.[1]

Böyüklərə, xüsusilə də, valideynlərə hörmət ailələr arasında daha vacibdir. Onları adları ilə çağırmaq tərbiyəyə ziddir. Bir qadının həyat yoldaşını adı ilə çağırması da ədəbə zidd olduğu üçün məkruhdur. Mövzu ilə əlaqədar Peyğəmbərimizin (sallallahu əley­hi və səlləm) bəzi hədisi-şəriflərə birlikdə baxaq.

“Bir gənc bir qocaya yaşlı olduğuna görə hörmət edərsə, Uca Allah da o yaşlananda ona hörmət edən insanlar xəlq edər.”[2]

Bu hədisi-şərif qocalara hörmət edən gənclərin savab qazanacağını və çox yaşayacağını bəyan edir. Qocaları yük kimi görən gənclər bu barədə bir az düşünməlidirlər.

“Kiçiklərinə şəfqət etməyən, böyüklərinə dəyər verməyən və hörmət göstərməyən bizdən deyildir.”[3] Budur, cəmiyyətin varlığını qoruyub saxlayan, böyüklərlə kiçikləri bir-birinə bağlayan düstur!

Ədəb və əxlaq ailədən başlayır. Yaşlılara sayğı və hörmət, onlarla gözəl rəftar ailədə öyrənilir. Ailəsində nənə-babaya hörməti, ana və ataya itaəti, yaşıdları ilə gözəl rəftarı öyrənən insan bu uca əxlaqı ilə ictimaiyyət arasında da seçilər. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Saçı-saqqalı ağarmış yaşlı müsəlmana hörmət edib qayğı göstərmək Allaha hörmətdən irəli gəlir”.[4] Bununla yanaşı uşaqların gözəl tərbiyə olunması əxlaqlı və sağlam ailədə mümkündür. Böyüklərə hörmət hissini formalaşdırmaq üçün bu məsələlərə diqqət yetirmək lazımdır:

1. Ailə üzvləri evə aid bütün işlərdə ata və ana ilə məsləhətləşməli, onları rəhbər qəbul etməlidir. Belə bir davranış böyüklərə hörmət düşüncəsinin formalaşmasına kömək edir. Bir hədisi-şərifdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Bərəkət böyüklərinizin yanındadır” buyurur.

2. Valideynlərin öz ata və analarına hörmət etməsi uşaqlar üçün ən böyük tərbiyə dərsidir. Ana və ata valideynlərinə həmişə sayğılı və şəfqətli davranarsa, uşaqlar da bunu vəzifə bilib valideynlərinə və digər yaşlılara hörmətlə yanaşmağa çalışar. İnsan bu şüura uzun muddət böyüklərdən görməklə və təkrar etməklə yiyələnir. Uşaq dəfələrlə yaşlılara necə itaət və hörmət edildiyini görməlidir ki, onu qavraya bilsin. Yoxsa valideynlərin quru sözlərlə uşaqlara hörmət etməyi öyrətməsi olduqca çətin, bəlkə də, qeyri-mümkündür.

İndi də gənclərin yaşlı insanlara hörmət etməsinin nə qədər əhəmiyyətli olduğuna dair hədisə baxaq:

“Beli bükülmüş qocalar, südəmər körpələr, otlayan heyvanlar olmasaydı, sel kimi üstümüzə bəla yağardı.”[5]

 

 



[1]. Tirmizi, Cihad 24: Əbu Davud, Cihad, 70.

[2]. Tirmizi, Birr 15; Əbu Davud, Ədəb  58.

 [3]. Tirmizi, Birr 15; Əbu Davud, Ədəb  58

 [4]. Əbu Davud, Ədəb 23.

 [5]. Acluni, Kəşfül-Xafa, 2/230.

 



Açar sözləri

ədəb

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.


1 şərh yazılıb
  1. meneviyyat.az , 09/10/2018 tarixində, saat 20:10

    Yaşlılara necə hörmət etməliyik

    İnsan bu həyatda yolçudur. Dünyaya qədəm qoyduğumuz ilk gündən yolçuluq başlayır. Körpəlik, uşaqlıq illəri, qanın qaynadığı gənclik dövrü deyərkən… bir də baxırıq ki artıq yaşlanmışıq. Gəlib çatmışıq qocalığın astanasına. Bunlar ömür yolunun dayanacaqlarıdır. İstəsək də istəməsək də yola çıxınca bütün mərhələləri keçirik.
    Yaşlılıq dövründə insan bir növ uşaq qəddinə düşür. Buna görə də nənə-babalar nəvələri ilə tez dil tapırlar. Tez inciyib tez küsürlər. Bəlkə də haqları çatır, dünən qayğısını çəkdiyi övladı ondan nə isə tələb edir. Ona görə də yaşlılara qarşı səbirli olmalı, onların qayğısına qalmalı, hörmət etməliyik. Etdikləri xətalara bəzən göz yummalı, xoş görməliyik. Çünki onlar, uşaq ikən övladlarının hər bir çətinliyinə dözüb, min bir çətinliklə bizi boya-başa çatdırıblar.
    İnsan yaşlananda tənhalaşır. Ətrafındakı həmyaşıdları gün keçdikcə azalır. Övladları ailə qurur, iş həyatına başlayır, hərə bir tərəfə gedir. Buna görə də vaxtaşırı onları ziyarət etməli, hədiyyələr almalı, onlarla birgə vaxt keçirməliyik. Əgər uzaqda yaşayırıqsa tez-tez zəng edib, hal-əhval tutmalıyıq.
    Yaşlı insanların güc-qüvvətləri azalsa da, onların həyat təcrübəsi bizdən çoxdur. Bir iş görmək istədikdə mütləq onlarla məsləhətləşməliyik. İnsan yaşlananda müdrikləşir. Müdrik insandan da məsləhət alanın işi asan olar, tez yol alar.
    Bəzən küçədə yaşlı insanların qarşıdan-qarşıya keçmək istəyərkən əziyyət çəkdiyinə şahidi oluruq. Sürətlə şütüyən maşınlar üzündən yolu keçə bilmirlər. Dəqiqələrlə yolun boşalmasını gözləyirlər. Belə hallarda onlara köməklik etməliyik. Bəzən də onları alış-veriş səbəti ilə yavaş-yavaş addımlayarkən görürük. Yaxınlaşaraq onların yükünü götürməli, daşımağa kömək etməliyik.
    Unutmayaq ki, biz də bir gün yaşlanacağıq. Biz hörmət edərsək, bizə də hörmət edərlər.
    Məhəmməd peyğəmbər müdrik kəlamlarından birində belə buyurub: “Kiçiklərə şəfqətlə davranmayan, böyüklərə dəyər verməyən və hörmət göstərməyən bizdən deyildir.”

Şərh yaz