8. 066 dəfə oxunub ,   0 şərh   Çap et

Röya əsrlər boyu insanlara ən çox diqqətini, marağını cəlb edən mövzulardan biridir. Ən qədim dövrlərdən bəri yuxuların mahiyyətini araşdırmışlar. Günümüzdə də bu araşdırmalar davam edir. Əsasən yuxuların yozulması, psixoloji təsiri və s. üzərində durulur.

Bütün müqəddəs kitablarda, ilahi dinlərdə röya/yuxugörmə mövzusu  mühüm yer tutur. Tövrat, İncil və Quranda röyalara, onların təbirinə yer verilir.  Bu məqalədə isə röya Quran kontekstində yuxugörmə, onun yozulması ələ alınmışdır.

Röyanın termin və leksik mənası

Yuxu görmənin ərəbcə qarşılığı röyadır. Felin kökü “r-a-ə” (رَأَي )-dir. Bu felin iki məsdəri vardır. İlk məsdər olan “rayə” (رَأَي) görülən və idrak edilən şeyləri gördü, qavradı mənasına gəlir. Röya, duyğu organları və bunların yerinə keçən şeylərlə görmə, təxmin və xəyal etmə [1]; təfəkkür etmə, düşünmə[2]; dərk etmə[3] mənalarında da istifadə edilir.[4] Digər məsdər olan “ruya” (رُؤْيَا) “ فُعْلَى ” vəznində olub yuxuda bir şeyi görmək deməkdir. İsim olaraq da yuxuda görülən şey mənasına gəlir.[5] Bəzan həmzə ibdal edilərək (uzadılaraq oxunur)  və vav uzadılaraq “رُويَا” şəklində, bəzən  də həmzə “ ي” hərfinə çevirilərək “ رُيَّا” şəklində “ra” hərfi əsrə və ya dəmmə ilə oxunur. Bu kəlmə, məsdər olaraq “الرُّؤْيَةُ” (ər-Rüyət) kəlməsiylə eyni mənada olub, görmək deməkdir. Ancaq, الرُّؤْيَةُ oyaq ikən, اَلرُّؤْيَا yuxuda görmək mənasında istifadə edilir.[6]

 Röya kəlməsinə yaxın mənalı kəlmələr

1- Hulm (الحلم), “h-l-m” kökündən, اَلْحِلْم (hilm) məsdər, nəfsini və təbiətini, qəzəbdən qorumaq mənasındadır. Bu kəlməyə ağıl mənasını verənlər də vardır.[7] “h-l-m” (حلم ) kökündən “ فُعْلٌ” qəlibində bir məsdərdir. İsim olaraq “Yuxuda görülən şey, xəyal” mənalarına gəlir. Cəmi “أحْلَام ”dir. Hz. Peyğəmbər bir hədisdə; الرُّؤْيَا مِنَ اللهِ وَ الْحِلْمُ مِنَ الشَّيْطَانِ “Röya Allahdan, hülm isə şeytandandır”.[8] احلام  (əhləm) kəlməsi Quran Kərimdə ot, bitki mənasına gələn أضغاث (ədğas) kəlməsiylə də zikr edilir. Əgər görülən röya bir-biriylə əlaqəsi yoxdursa bu “diğs” olaraq adlandırılır.[9] Ayədə “diğs”lə zikr edilən “əhləm”, ot bağlaması kimi qarışıq xəyallar mənasındadır. Bu ifadə ayədə belə işlənir: قَالُوا اَضْغَاثُ أَحْلَامٍ  “Təbirçilər dedilər ki: Bunlar qarışıq xəyalardır”[10]

2- Mənam ((المنام “n-v-m” نوم )  ) kökündən mimli məsdər olub, yuxu mənasına gəlir.  Yuxu haqqında alimlərin müxtəlif görüşləri vardır.  Bu mülahizələrdən bəziləri bunlardır:

  1. Allahın (c.c) bədəni ölüm olmadan cansız hala gətirməsidir: اَللّٰهُ يَتَوَفَّى الْاَنْفُسَ حٖينَ مَوْتِهَا وَالَّتٖي لَمْ تَمُتْ فٖي مَنَامِهَا “Allah, ölənin ölüm vaxtı gəldiyində, ölməyənin də yuxusunda ikən canlarını alır”[11]… bu mənadadır.
  2. Kiçik ölümdür. Ölüm isə ağır bir yuxudur.[12] Mənam kəlməsi yuxu, yuxu yeri və röya mənasına gəlir. وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا “Yuxunuzu da istirahət etdik.”[13]
  3. Əhadis (اَحاديث) “h-d-s” حدث feilindən yaranıb, insana yuxuda və ya oyaq ikən, eşitmə, ilham və ya vəhy olaraq gələn sözlərə deyilir. وَعَلَّمْتَن۪يمِنْ تَأْو۪يلِ الْاَحَاد۪يثِۚ  “Mənə yuxu yozmağı öyrətdin.”[14]
  4. Buşra (بُشْرَي) “b-ş-r” بَشَرَfeilindən yaranmış məstərdir. Bəzi alimlər “ vəhy kəsildi mübəşşirat qaldı. O da möminin röyasıdır.” hədisinə əsaslanaraq, bu ayədə zikr edilən müjdənin “sadiq röya” olduğunu qeyd ediblər.لَهُمُ الْبُشْرٰى فِي الْحَيٰوةِ الدُّنْيَا وَفِي الْاٰخِرَةِ “Onlara dünyada da, axirətdə də müjdə vardır.” [15]

Röyanın mahiyyəti

Mahiyyət olaraq, yuxuda görülən şeyə röya deyilir. Röyanı, “Misal aləmindəki qədərlə əlaqəli lövhələrin, eyniylə və ya fərqli formada yuxu halında ruhumuza əks etməsidir” şəklində tərif etmək də mümkündür. Buna görə röya aləmində görülən şeylər, ruhun mələkut aləmində gördüyü şeyləri simvollaşdırmasıdır. Xülasə olaraq bunu deyə bilərik ki, sadiq röyalar mələkut aləmi ilə əlaqəli bir sıra məlumatlardır.

Hər kəs röya görür. Bu səbəblə onun varlığında şübhə yoxdur. Fəqət onun mahiyyəti və məzmunu hər zaman maraq mövzusu olmuş, təbiri, yozulması üzərində də araşdırılma aparılmışdır. Hətta bu məsələ əksər hallarda bir çox insanı məşğul etmişdir.  Bu hallar isə röyanı anlamağı və onun qayəsini bilməyi əhəmiyyətli etmişdir. Röya, aləm içində aləmlərin varlığına, axirətin yanında ruhlar aləminin varlığına, gələcəkdə olacaq hadisələrin əvvəlcədən görülməsiylə də qədərin varlığına bir işarətdir. Ondakı müjdəni, xəbərdarlığı anlamamaq, röyanı görən və ya o röya ilə əlaqəsi olanlar adına bir itkidir. Bu səbəbdən insan, röyanın xəbərdarlıq və ya müjdə olduğunu  bilməsiylə yanaşı, onun təbirini də bilməsi lazımdır. Yuxu, Allah Təalə tərəfindən qullarının istifadəsi üçün verilmiş saysız nemətlərdən birisidir.  وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًاۙ “Biz yuxunuzu da bir istirahət etdik.”[16] ayəsi, yuxunun, az və ya çox hər kəs üçün əhəmiyyətli olduğunu göstərir. Röya da yuxuda ikən görülür.

İnsan ruhunun və onun mahiyyətində olan rəbbani lətifələrin mələkut aləmiylə əlaqəsi vardır. Ruh, yuxu halında olduqda, bədənə aid olan dərdlərdən qurtulduğu zaman təbii olaraq o tərəfə meyl edər. Bu hal zikr edilən ayədə bədəndən ayrılaraq İlahi məqama yüksəlişdir:

اَللّٰهُ يَتَوَفَّى الْاَنْفُسَ حٖينَ مَوْتِهَا وَالَّتٖي لَمْ تَمُتْ فٖي مَنَامِهَاۚ فَيُمْسِكُ الَّتٖي قَضٰى عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْاُخْرٰٓى اِلٰٓى اَجَلٍ مُسَمًّىؕ “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.”[17]

Bu halda ruh, eyniylə bir güzgüyə əks edən surətlər kimi, ona gələcəkdən görüntülər gəlir və gələcəyi görür. Bunlar lövhü məhfuzdan əsintilər və qədər kitabından haşiyələr ola bilər. Belə olan halda insana röya şəklində görülməyə başlayar. Bəzən görülən röyalar insanın gözləntilərinə də uyğun olur.

Quran Kərimdə müxtəlif röyalardan bəhs edilir. Bu röyalara Peyğəmbərlərin röyaları da daxildir. Peyğəmbərlərin röyalarının haqq olması hər kəsə ayandır. Allah Rəsulunun (s.ə.s) risalətinin ilk altı ayda enən vəhylərin, sadiq röya şəklində olması bunun göstəricisidir. Çünki peyğəmbərlər üçün röyalar vəhy kimidir. Necə ki, haqqında bəhs edəcəyimiz Yusuf (ə.s) gördüyü röya da bu qəbildəndir.

Məsələyə elmi yöndən nəzər edildikdə röya haqqında dəqiq bir məlumat yoxdur. Bu mövzuda olan araştırmalar daha çox müxtəlif mülahizələrdən ibarətdir. Bu səbəblə röya ilə, onu görən şəxsin rahatlıq tapıb tapmadığı dəqiq deyildir. Gözəl röya görənlərin əhvalının yaxşılaşdığı görülməkdədir. Digər bir yöndən bəzi insanların çox röya, bəzilərinin də az röya gördüyü bildirilir.

İmam Qəzzali, röyayı belə izah etməkdədir: “Röya, hisslərin durması və qəlbə gəlməməsi deməkdir. Hiss və xəyaldan təmizlənib öz-özlüyündə saf qaldığı zaman, lövhü- məhfuz ilə arasındakı pərdə qalxar. İki güzgü arasındaki pərdə qalxdığı vaxt, digər güzgüdə olan şeylərin bəzisi qarşı aynaya əks etdiyi kimi lövhü-məhfuzda olan şeylərin bəziləri də qəlbə əks edər. Ancaq yuxu, digər hislərə mane olsa da xəyalın hərəkətə keçməsinə əngəl ola bilməz. Lövhü-məhfuzdan qəlbə əks edənləri xəyal dərhal alar və onu bir misal ilə həkayə edər. Təxəyyülat[18] onu daha yaxşı qoruyar və xəyalda qorunmuş olaraq qalar. Oyandığı zaman da ancaq xəyalındakı şeyləri xatırlayar”.[19]

İbn Xaldun (808/1406) “Müqəddimə”sində röyayı belə tərif etməkdədir: “Röya, rühani bir şey olub, yuxuda ikən insani olan ruhun, mənalar aləminə dalması nəticəsində, qeybdən özünə əks edən varlıqların şəkil və sürətini bir anda görməsindən ibarətdir. İnsan yuxu halında ikən ruh, bədən və maddi şeylərlə olan əlaqəsini kəsdiyi üçün, digər ruhani varlıqlar kimi o da qeybi aləmə yönəldiyində, mələkləri və digər lətif cisimləri müşahidə edər”.[20]

Görüldüyü kimi İslam alimləri və müfəssirlər röyayı ruh ilə əlaqələndirirlər. İnsan bədən və ruhdan ibarət bir varlıqdır. Yuxuda ikən bədən hərəkətsiz, sabit yerində qalır. Buna baxmayaraq bədən sanki hərəkət edirmiş kimi və beş duyğu orqanı da aktiv halda bu aləmdən müəyyən şeyləri dərk edir. İnsanda bədən yanında mənəvi tərəfini təşkil edən ruh var və bu hislər ruh sayəsində dərk edilir.

Röyanın növləri

Qaynaqlarda röyanın üç növü olduğundan bəhs edilir.

اِذَا اِقْتَرَبَ الزَّمَانُ لَمْ تَكَدْ رُؤْيَا الْمُسْلِمِ تَكْذِبُ وَ اَصْدَقَكُمْ حَدِيثًا وَ رُؤْيَا المُسْلِمِ جُزْءٌ مِنْ خَمْسٍ وَ اَرْبَعِينَ جُزْءًا مِنَ النُّبُوَّةِ وَ الرُّؤْيَا ثَلّاثَةٌ فَرُؤْيَا الصَّالِحَةِ بُشْرَى مِنَ اللهِ وَ رُؤْيَا تَحْزِينٌ مِنَ الشَّيْطَانِ وَ رُؤْيَا مِمَّا يُحَدِّثُ الْمَرْءُ نَفْسَهُ فَاِنْ رَاَي اَحَدُكُمْ مَا يَكْرَهُ فَلْيَقُمْ فَلْيُصَلِّ وَلَا يُحَدِّثْ بِهَا النَّاسَ. قَالَ وَ أُحِبُّ الْقَيْدَ وَ أَكْرَهُ الغُلَّ وً الْقَيْدَ ثَبَاتٌ فِي الدِّينِ

“Qiyamət yaxınlaşınca müsəlmanın röyası hardasa səhv çıxmaz. Sizin ən doğru röya görəniniz, ən doğru sözə sahib olanınızdır. Müsəlmanın röyası, peyğəmbərliyin 45 cüzündən birisidir. Röya, Allahdan müjdə olan saleh röya, şeytanın kədər vermək üçün göstərdiyi röya və kişinin öz-özünə danışdığı (oyaq olduğunda məşğul olduğu) şeylər olmaqla üç növdür. Bir insan pis bir şey gördüyündə qalxsın və namaz qılsın. O mövzuda heç kəsə bir şey deməsin.” [21]

  1. Şeytan tərfindən göstərilən röya: şeytanın yuxuda insanla oynadığı hədislərdə sabitdir. Beləliklə bu növ röyalar, insanı hüznə, kədərə boğmaq, məyus etmək üçün şeytan tərəfindən göstərilir. Buna görə belə röyalar şeytana nisbət edilir. Necə ki, hədisdə “bir gün bir şəxs Hz. Peyğəmərbərə gəldi və röya gördüyünü dedi. Bu röyaya görə onun başı qopmuş və özü də arxa tərəfə getmişdi. Danışanı dinləyən Allah Rəsulu (s.ə.s):

لَا تُحَدِّثِ النَّاسَ بِتَلَعُّبِ الشَّيْطَانِ بِكَ فِي مَنَامِكَ “Şeytanın səninlə yuxuda ikən oynadığını danışma”[22] buyurdu. Yuxuda ikən şeytan aldatması ilə insanın xəyalına uyğunsuz şeyləri gətirərək qüslun pozulmasına da ihtilam deyilir. Yenə yuxuda ikən şeytanın qorxudaraq xeyirli bir işi tərk etməyə sövq etməsi də şeytani röyalardandır. Bunlara hulm, ədğas, əhləm, röyayı-kazibə kimi adlar verilir. Bu səbəblə onlar başqasına danışılmaz və təbir edilməz. Yozulsa da bir nəticə çıxmaz. الرُّؤْيَا مِنَ اللهِ وَ الحُلْمُ مِنَ الشَّيْطَانِ  “Röya Allahdan, hülm isə şeytandandır”, hədisi bunu bildirir.[23]

  1. Məşğuliyyət səbəbiylə görülən röyalar: bunlara şüuraltı röyalar deyilir. Bu röyalar daha bir şeyi həddindən artıq fikirləşməkdən qaynaqlanır. Belə olan hallarda bəzi şəxslərin şüuraltı düşüncələri röyalarına əks olunur. Bunlarda birinci qrup kimi hulum, ədğas-əhləm və röyayı kazibə kimidir. Röyada çox sevdiyi və ya qorxduğu şeyləri görmək, ac olduğu üçün yiyəcək görmək, susuz olduğu üçün içəcək görmək bu növ röyalara aiddir.[24]
  2. Rəhmani röyalar: Allah Təalanın qullarına məzmunu müjdə və xəbərdarlıq olaraq götərdiyi röyalara deyilir. Bu növ röyalar nübuvvətin 45 parçasından bir parça sayılır. Bunlarda qeybə aid məlumatlar da olur. Məzmunu müjdə və xəbərdarlıq olduğundan görən insan röyanı unutmaz. Hətta bəzi insanlar etdikləri işləri röyalarının işarətlərinə görə yönləndirirlər.

Rəhmani röyalar az və ya çox təcrübə sahibi olduğu “hissi-qəbləl-vuqu”-nun (öncədən hiss etmək) inkişaf etmiş bir şəkli sayıla bilər. Bu röyaların axır zamanda çoxalacağına dair rəvayətlər vardır. Bir hədisdə اِذَا اِقْتَرَبَ الزَّمَانُ لَمْ تَكَدْ تَكْذِبُ رُؤْيَا الْمُؤْمِنِ  “Qiyamət  yaxınlaşdığında, hardasa möminin röyası səhv çıxmaz”.[25]

Rəhmani röyanı hər insan görə bilər. Sadiq röyaların görülməsində mələklərin rolu vardır. Onlar Allahın icazəsi ilə lövhi-mahfuzdan aldıqlarını müxtəlif şəkillərdə istədikləri insanlara çatdırarlar. Bəzən röyalardakı bu açıqlamalar çox açıq bir sürətdə belə ola bilər. Ancaq gizli gələn mesajlar, normal bir təbirlə aydınlığa çıxar. Digər yandan rəhmani röyalar görən şəxs tərəfindən xatırlanır. Hətta nə mənaya gəldiyini açıq olaraq bilər. Bunu görən şəxs, röyanın təsirindən dərhal oyanır və röyasından aldığı mesajı dərk edər və ya anlamağa çalışar. Sadiq röyaların təbiri çox asandır. Çox vaxt görən şəxs dərindən düşünmədiyi halda röyanı başa düşmüş olur. Ancaq alınan mesaj hər zaman Quran və Sünnət kriteriyalarına, prinsiplərinə əsaslanaraq dəyərlənirilməlidir.

Bəzi röyalar elmi həqiqətlərə işarət etmiş ola bilər. Necə ki, röyasından yola çıxaraq böyük əsərlər yazmış bir çox elm insanı, şair və rəssamlar vardır. Bu şəkildə elmi kəşflər baş verə bilər.

Həddi-buluğ yaşına çatmamış uşaqlar və ya qeyri-müsəlmanlar da rəhmani röyalar görə bilərlər. Hz. Yusufun uşaq ikən gördüyü röya bunlardan birincisinə, fironun öz aqibəti haqqında gördüyü röya da ikincisinə misaldır.

Qeyri müsəlman olan bəzi araşdırmaçılara görə röyalar, sadəcə şüuraltı hadisələrə görə olmaqdadır. Halbuki müsəlmanlara görə röyaların, həqiqi tərəfləri olduğu kimi, yalan nəticələr ifadə etmələri də mümkündür. Bu bəzən simvolları tam təbir edilmədiyindən meydana gəlir. Doğru olanı, təbiri açıq olanlar olduğu kimi qəbul edilməli, simvollarla əhatə olunmuş olanları isə başa düşüləcək şəkildə təbir edilməsi gərəkir.[26]

Röyanı təbiri

Təbir, görülən röyanın arxa planındakı həqiqəti ortaya çıxarmaq, onu şərh etmək, açıqlamaq, röyanı görən üçün verilən mesajı aydınlaşdırmaq mənalarına gəlir. Ərəbcə mənşəli olan təbir, leksik mənası “keçirmək” deməkdir. Felin kökü “r-b-r”-dır. Təbir kəlməsi bu felin 2-ci babının məsdəridir. Yusuf surəsi 43-cü ayədə “təburun” məsdəriylə işlədilmişdir.

İslam alimlərinə görə təbir, röyada görülənlərin dəlalət etdiyi mənanı bilmək və hissi-müştərəyə[27] əks edən  görüntülərin lövhü-məhfuzdakı  qarşılığını tapmaqdır. Qeyd edilən tərif, sadiq röyanın təbiridir. Sadiq röyadan başqa digərləri yalan və aldadıcı olduğunu, sahibinə dünyəvi və üxrəvi bir mənfəət qazandırmadığı, İlahi qaynaqdan olmadığını qeyd etmişdik. Yuxarıda qeyd etmişdik. Yuxugörmə zamanı ruhumuz lövhi-məhfuzdakı aləmlə əlaqəli görüntüləri əldə edir. Orda gördüklərini xəyalına köçürür. Xəyal dünyasında bu görüntülər uyğun bir forma alaraq hissi-müştəryə gəlir və beləcə röya görülmüş olur. Hissi-müştərəyə gələn görüntülər lövhü-məhfuzdakı görüntülərlə eynidirsə təbirə ehtiyac qalmaz, əks təqdirdə təbirə ehtiyac vardır.

Röyanı təbir etmək, etdirmək normal haldır, amma bunu əhlinə etdirilməlidir. Necə ki, Hz. Yaqub (ə.s), Hz Yusufun (ə.s) röyasını, Hz. Yusuf da zindandakı gənclərin, kralın röyasını təbir etmişdir. Hz Muhəmməd (s.ə.s) də əsahbında röya görənlərin röyalarını təbir etmişdir. Hətta Peyğəmbərimiz (s.ə.s) bu qəbildən röyaları dinləməkdən xoşlanır, hər gün sabah namazından sonra röya təbir edərdi.

Röya bir elmdir. Buna görə Hz. Yusuf Allah Təalanın özünə bəxş etdiyi nemətləri zikr edərkən röya təbirini də qeyd etmişdir. Bu ayə bunu göstərir:

قَدْ اٰتَيْتَن۪ي مِنَ الْمُلْكِ وَعَلَّمْتَن۪ي مِنْ تَاْو۪يلِ الْاَحَادِيثِ فَاطِرِ السَّمَاوَاتِ وَ الْأَرْضِ أَنْتَ وَلِيِّي فِي الدُّنْيَا وَ الْأَخِرَةِ تَوَفَّنِي مُسْلِمًا وَ أَلْحِقْنِي بِالصَّالِحِينَ

“Sən mənə hakimiyyət verdin və mənə röyaları təbir etməyi öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur.”[28]

Ayədə keçən təvil-əhadis kəlməsi, röyanın şərhindən başqa, hadisələrdən dərs çıxarmaq mənasına da gəlir. Bu ifadə baş verən hadisədəki incə nöqtəni qavramağa da işarət edir. Bu hal Həzrət Yusufun (ə.s), hadisələrdən dərs çıxarmada elm sahibi olduğunu göstərir.

Həzrət Yusuf hadisələri şərh etməyi bilirdi. O ölümünün yaxınlaşmasını hiss edincə, ayədə zikr edilən duanı etdi və üzərində olan neməti xatırlayaraq yeniləmiş oldu. Məna olaraq dünya həyatının röya kimi sürətli keçib bitdiyini, o mövzuda gərçək təbirin də axirət olduğunu xatırlatdı. [29]

İbn Xəldun məşhur “Müqəddimə” əsərində yuxu təbirini şəri elmlərdən hesab etmişdir. Ona əhəmiyyət verərək elmlərin təsnifatında xüsusi yer vermişdir. Hətta bu elmi bütün sələf və xələf alimləri belə qiymətləndiriblər. Amma bu elm çalışmaqla əldə etməkdən daha çox ilhamla əlaqəlidir. İlham isə, Allah tərəfindən qulun qəlbinə müəyyən bilgiləri ötürməsidir. Bu proses yuxunun təbiri anında baş verir. Allah Təalə tərəfindən bəxş edilən bu səviyyə peyğəmbərlərin varisləri olmağa layiq olan xüsusi keyfiyyətli insanlara, həqiqi alimləri məxsusdur. Yuxu yozması elminin üst səviyyəsi isə, peyğəmbərlərin vəhyi ilə açıqlanır. Bu da onu göstərir ki, bilməyən insanlar bu barədə fikir bildirməməlidirlər.[30]

İnsan yuxunu ruhu ilə görür, ağlı ilə dərk edir. Əgər insan yuxunu tam əhatə etməzsə, gördüyü haqq olsa da, tam təbir edə bilməz. Klassik dini ədəbiyyatda belə bir hekayə nəql olunur. Bir zamanlar hər ikisi də Allah dostu olan  iki çoban taxta qablara süd sağıb yanlarına qoyurlar. Bu əsnada onlardan biri yuxum gəlir deyir və göy otun üzərinə uzanıb yatır. Oyaq olan isə, yatan dostuna diqqətlə baxmaqdadır. Görür ki, yatanın burnundan milçək çıxıb onların yanında dayanan süd qabına baxır, sonra dəliyə daxil olur, o biri ucundan çıxar və ucları tikanlı gəvənin altında yerləşən çuxura girərək yox olur. Bir az sonra təkrar çuxurdan çıxar, yenidən yatan çobanın burnuna girir. Bu proses eyni ardıcıllıqla təkrar edir. Bir az sonra  yatan çoban oyanır və deyir: “Mən qəribə yuxu görmüşəm”. Dostu da “Allah xeyir etsin, mənə de” dedikdə başlayır: Süd dənizi gördüm. Onun üstündə qəribə bir körpü vardı. Körpü pəncərələrlə örtülmüşdü. Yanından keçdim və sivri uclu palıdlıq gördüm. Onun altında bir mağara var idi. İçəri girdim və qızılla dolu bir xəzinə gördüm. Görəsən bunun təbiri nədir? Onun dostu röyanı belə təbir edir: “Gördüyünüz süd dənizi o taxta qabdır. Körpü də, borudur. Dik ağaclarla əhatələnmiş meşə gəvəndir. O mağara o kiçik çuxurdur. Beli, külüngü gətir, mən sənə xəzinəni göstərim.” O da deyilən alətləri gətirir  və onları xoşbəxt edəcək qızılları çıxarırlar.

Bu hekayədə göründüyü kimi yatmış adamın gördüyü doğrudur, amma yuxuda ikən diqqətsiz olduğu üçün röyanı təbir edə bilmir. Çünki yuxuda maddi aləmlə mənəvi aləmi ayırd edə bilmədiyi üçün təbirdə səhvlərə yol verir. Röyasındakı dənizi əsl dəniz olduğunu düşünür. Oyaq insan misal aləmi ilə olsa maddi aləmi dərk etdiyi üçün onu təbir haqqı qazanır.

Dünyadakı hər şeyin misal aləmində bir bənzəri var. İnsan bunu başa düşəcək  gücü olarsa, gördüyü röyanı da yoza bilər. Bu əlaqəni başa düşmə qabiliyyəti yoxdursa; istiqamət sahibi, ağıllı, kin və düşmənçilikdən uzaq, hüsnü niyyətli olanlara təbir etdirə bilər.

Bir hədisdə buyurulur: الرؤيا على رجل طائر ما لم تعبر فإذا عبرت وقعت  “ “Yuxu, quşun ayağından asılan şey kimi hər an düşəcək bir mövqedədir. Təbir olunduqda ifadə edildiyi kimi sabitlik tapır.”[31]Buna görə röyanın necə olacağı, təbir olunmayana qədər aydın deyil. Buna görə yuxu hamıya danışılmamalıdır. Əslində, danışılacaq şəxslər də diqqətlə seçilməlidir.

Bəzən insanın gördükləri röyalar özlərinə deyil, övladları üçün nəticə verər. Necə ki, Əbu Cəhil yuxusunda Allah Rəsuluna (s.ə.s) iman etdiyini görür. Amma bu yuxu oğlu İkrimə üçün gərçəkləşmiş olur.

Yuxunun zahiri forması pis olsa belə, təbiri yaxşı ola bilər. Buna misal olaraq, bir gün Hz. Ümmülfəzl görür ki, Allahın Rəsulundan bir parça qopub onun qucağına düşür. Təlaşlı bir şəkildə, Allah Rəsuluna (s.ə.s) olan-bitəni nəql edir. Allah Rəsulu yuxunu belə təbir edir. “Fatimə bir uşaq dünyaya gətirər, sən də onu qucağına alarsan.” Doğrudan da, belə çıxır. Hz. Həsən doğulur və onu qucağına alır və ona süd verir.[32] Göründüyü kimi, bu elmin sərhəddi olmadığı üçün hər kəs onu müsbət elmlər kimi asanlıqla qavraya bilməz.

Təbir edəcək şəxsin vəsifləri

Yuxunun təbiri, yuxuda olanların gerçəkləşməsinə təsir etdiyi üçün bəzi şeylər var ki, onları təbir edəcək adam onlara diqqət etməlidir.

Yuxu danışılan şəxs ilk növbədə “Xeyirdir, İnşallah danış dinləyim” deyərək, xoş arzularını bildirməlidir. Bu hal,  xoş niyyətin ilkin şərti hesab olunur. Onu dinləyərkən mümkün qədər pisə yozmamalıdır. Çünki İslama görə təfaül caiz, təşəüm isə batildir. Ona görə də hadisələri xeyirə yozmaq olar, lakin onlardan heç bir şər, pis məna çıxarılmaz. “Hadisələri pis təbir etmək, uğursuz saymaq pis əxlaqdır” hədisi ilə qınanır.  Röya təbir edərkən bu ölçüyə uyğun hərəkət edilməlidir.

Digər tərəfdən, pis təbir edilmiş yuxu təbirə əsasən çıxar. Mövzu ilə bağlı hədis var: “Yuxunu onda keçən adlara görə şərh edin, künyələri də oradakı künyələrə görə yozun. Çünki yuxu ilk yozan adama görə çıxar”.[33] Həmçinin, səhv təbir edilən yuxular insanı təəccübləndirə və lazımsız yerə narahat olmağa səbəb ola bilər. Bu səbəbdən hər kimi yuxunun səhv yozduğu görsə, dərhal müdaxilə edib, düzəltməlidir. Çünki Allah Rəsulullah (s.ə.s) Əbu Bəkir (r.a) röyaları təbir etdikdə, “Bəzisində isabət etdin, bəzisində isə xəta etdin”, demişdir.[34]

Təbir edən şəxsin aşağıda qeyd edilən bəzi xüsusiyyətləri olması lazımdır:

a- Elmi xüsusiyyətlər

Təbir edən Allahın kitabının məsəllərini, mənalarını və açıq olan ayələri bilməlidir. Qurandakı məsəllər yuxuların yozulmasını asanlaşdıra bilər. Məsələn, yumurtaya qadın deyilir. Ayədə “Onlar gün üzü görməmiş yumurta kimi ağdır” buyurulmaqdadır. Ət[35], qiybətlə təbir edilir. Ayədə, “…Birinizin ölmüş qardaşının ətini yeməkdən xoşu gələr mi? Görünür bundan tiksindiniz…” buyrulmaqdadır.[36]

  1. Peyğəmbərin hədislərini bilməlidir. Məsələn, Hz. Məhəmməd (s.ə.s) “Bu beş (heyvan) zərərlidir (favasiq): qarğa, ilan, əqrəb, siçan, quduz it”.[37] Belə hədisi şəriflər röyaları şərh etməyə kömək edir. Qarğaya fasiq adam deyilir. Hz. Peyğəmbər qarğanı fasiq olaraq isimləndirib.[38] Siçana azğın qadın deyilir. Həzrət Peyğəmbər, siçanın zərərli heyvan olduğunu bildirmiş və onu “fasiqa” kimi təsvir etmişdir.
  2. Röya görənin, danışdığı dilin xüsusiyyətləri bilməlidir.
  3. Röya görənin adı da təbirə təsir edə bilər. Məsələn, adı Səlim olanın röyası, səlamətlə, adı Rəşid olanın röyasının rüşd kimi təbir etmək olar.[39]
  4. Sözlərin kök mənalarını bilməlidir. Məsələn, “küfr” mənası örtmək, “istiğfar” mənası gizləmək, “zülm” mənası bir şeyə layiq olmadığı yerinə qoymaq, “fisq” mənası Allaha itaətdən uzaqlaşmaq deməkdir.
  5. Məsəlləri bilməlidir. Məsələn, “uzun əlli” məsəlini ərəblər bağışlamaq, səxavətlilər yaxşılıq etməyi sevənlər üçün işlətmişlər.[40]
  6. İnsanlar arasında çox işlənən atalar sözlərini bilməlidir.
  7. Şeiri bilməlidir. Çünki şeirlərdə çoxlu məsəllər işlədilir. Ona görə də şeirləri bilmək məsəllərin mənalarını anlamağa kömək edir. Misal üçün,

Sən gülsən. Gülün ömrü bir neçə ay deyil, bir aydır

İstədiyim Mərsin ağacıdır. Mərsin ağacı zamana qarşı çox güclüdür, səbirlidir, dözümlüdür.

Yuxarıdakı şeirdə qızılgülün ömrü qısa, mərsin ağacının ömrü uzun olduğu göstərilir.

b- Şəxsi keyfiyyətlər

  1. Alim,
  2. Ağıllı,
  3. Müttəqi,
  4. Hər cür pis əməllərdən uzaq,

5.Yeməyi-içməyi düzənli, rəftarında səmimi olmalıdır.

  1. İnsanların eyiblərini gizlətməlidir

Yuxunun təbirini edəcək şəxs yuxunu yaxşı şərh edə bilməsi üçün tam qulaq asmaq məcburiyyətindədir. Bu səbəbdən, onun ən kiçik detallara qədər anlayar sonra təvilə başlayar. Röyanın təbirini mümkün qədər düzgün izah etmək də vacibdir. Bunun əksini deməyin, axirətdə cəzası vardır.[41]

Həzrət Yusufun yanına yuxularını yozmağa gələn iki nəfər, onu seçmək üçün meyar olaraq muhsin olmasını göstərmişdi. Buna görə də yuxu müttəqi, çirkinliklərdən uzaq olan yaxşı insanlara danışılır. Hədislərdə qeyd olunduğu kimi özündə sevgi olan, fikir sahibi, alim özəllikləri olanlara danışılmalıdır.

  1. Röya görən şəxslə əlaqəli mülahizələr

Röya görənin peşəsi, insanlar arasında mövqeyi, sosyal həyatda səviyyəsi vacibdir. Məsələn, bir çox insan yuxuda nar görə bilər. Görünən eynidir, amma təbirləri fərqlidir. Nar, sultan üçün fəth edəcəyi yeni bir şəhərdir. Zərif  qabığı şəhərin qala divarları adlanır və dənələri oranın əhalisi kimi təbir edilir. Tacir üçün, ev, mağaza, otel, gəmi, pul kisəsi və s,  alim üçün isə kitablarıdır. Onun qabığı, vərəqləri və dənələri içindəki yazılara işarətdir. Subay üçün  zəngin və gözəl həyat yoldaşı, hamilə qadın üçün, bətnində və ya yaxın gələcəkdə sahib olacağı iffətli qıza işarət edir.[42]

Təbir edərkən nəzərə alınmalı hallar

  1. Röyanın təbiri çətindirsə və ya fikirlərində dəqiqlik yoxdursa, ən gözəlinə təbir edilməli və ya Allaha dua edərək yardım istəmək lazımdır. Misal olaraq, Yaqub  (ə.s)  verə bilərik: Yaqub (ə.s) röyada oğlu Yusufa canavarın hücum etdiyini gördüyü üçün dedi: “Qorxuram ki, qurd onu yeyər”. Daha sonra qardaşları gəlib dedilər ki, canavar onu yeyib. Bu təbirə görə çıxan bir haldır. Yuxuda canavar görmək paxıllığa işarə etdiyini göstərir.
  2. Təbir üçün ən yaxşı vaxt səhərin ən erkən saatlarıdır. Çünki bu saatlarda təbir edənin zehni aydın olur, yuxu görən isə daha yuxusunu aydın bir şəkildə xatırlamış olur. Hz. Peyğəmbər (s.ə.s) də buyurur: “Allahım, ümmətimin erkəncilərinə bərəkət ver”.[43]
  3. “Səhər günəş çıxanda, axşam gün batanda və günorta vaxtında” yuxuları təbir edilməməlidir.
  4. Təbir edən şəxs, dünya-axirət üçün xəbərdarlıq və ya mənfəət ifadə etməyən yuxularla maraqlanmamalıdır. Çünki belə xəyallar qarışıq, mənasız, boş və pis röyalardır.
  5. Bütün röyalar üçün iki cəhət var. Biri xeyirliyə digəri şərə işarə edir. Xeyirli röya xeyirlə, qorxulu, pis röya şərlə təbir edilməlidir. Bəzən yuxuda görülənlərin çox fərqli cəhətləri olur. Yəni bir-birinə əks, zidd olan cəhətlər ola bilər. O kimi yuxularda bir cəhətdə israr edilməməlidir Ancaq təbirçi görüldüyü vaxt və məkanla bağlı başqa bilgilərdən yola çıxaraq açıqlama verməlidir.
  6. Təbirçi görülən röyaların keçmiş ilə əlaqəsi olub olmadığını da dəqiqləşdirərək təbir eməlidir. Bəzən, keçmişdə edilməmiş bir şükür və ya gecikmiş tövbəni xatırlatmaq üçün yuxular göstərilir. Yuxu indiki zaman və ya gələcək haqqında ola bilər. İnsanın başına gələcək yaxşı və ya pis vəziyyətlər, yağış, zənginlik, yoxsulluq, şərəf, rüsvayçılıq, sıxıntı və ya rahatlıq kimi xəbərlər də verir. Bu zamanda verilən sözün tutulması və ya sədəqələrin çoxaldılması gərəkli olduğunu bildirməlidir. Allah Rəsulu “Sədəqə bəlaları dəf edər” -buyurur.
  7. Bəzən röya görənə aid olmayıb, onun əkiz, ögey qardaşı, adaşı, nəslinə, dostuna, qonşusuna aid ola bilər.
  8. Təbirçi ifadələrin bəzən görünənin əksi ola biləcəyini də diqqət mərkəzində tutmalıdır. Məsələn, ağlamaq sevinclə, gülmək kədərlə, dostun düşmənlə və.s
  9. Röyada artıq və ya çatışmayan detallar da təbirə təsir göstərir. Məsələn, adam yuxuda görür ki, qolu kəsilib, lakin kəsilmiş qolu bədənindən ayrılmadığını, əlinə aldığını görürsə, o şəxs üçün bacı-qardaş və ya övladı ilə təbir etməlidir. Kəsilmiş qol bədəndən ayrılıb yerə düşübsə, onun qardaşı və ya övladı üçün bədbəxt hadisə baş verəcəyinə təbir edilir.

Yuxarıda sadalanan məqamlar təbirci üçün vacibdir. Çünki yuxunun əsas elementlərini, onlar arasındakı əlaqəni müəyyən etmək asan deyildir. Məsələn, Yusuf surəsinin 43-cü ayəsində fironun yuxusunu başa düşmək təbirçilər üçün çətin bir röyadır. Yuxuda “yeddi kök inək və yeddi arıq inək” elementi ilə  “yeddi yaşıl sünbül və digər quru sünbül” elementi üzərində düşünülməlidir. Bu elementlər bir-biri ilə əlaqəlidir. Xüsusən də  bir-birini dəstəkləyir. Yeddi kök inək bolluq illəridir. Yeddi arıq inək isə sonra gələcək olan aclıq illəridir. Yeddi yaşıl sünbüllə, digər quru sünbüllər, inəklərlə çatdırılması nəzərdə tutulan mənanı dəstəkləyir. Demək olar ki, bir-birini aydınlatmaq üçün şahid kimi gəliblər.[44]

Röyada görülən bəzi rəmzlərin təbirləri

Röyada olan bəzi rəmzlərin təbirini Quran və hədislərdə görmək mümkündür: süd elm[45] və fitrət; qızıl-gümüş könül-nəfs;[46] yumurta qadın;[47] gəmi nicat;[48] dəvə qəm; canlı üçün din paltar, iman[49] və ya qadın;[50] ölü üçün ağ paltar cənnətdə, başqaları cəhənnəmdə olmaq[51]; yaşıl dini yöndən xeyirli son və cənnət, əl uzunluğu səxavət;[52] bağça İslam; dirək, sütun İslam sütunu; qulp, ürvətül-vüsqa Quran[53]; ip din; mütləq ağ qadın; ipək salehlik; qoça minmək düşmən öldürmək[54]; qılıncın qırılması yaxınlarından birinin ölümü[55]; qabırğa sümüyü qadın[56]; açar xəzinə[57]; odun münafiq; axan çeşmə xeyir əməl[58]; daş ürəyin sərtləşməsi[59]; qadın xeyir, cənnətə girmək; ət yemək qeybət etmək[60]; bağ dində əzimkarlıq[61], həkim alim; xəstə cahil; kəsilən inək Allah yolunda cihad və şəhadət[62];  kök inək və yaşıl sünbül bolluq; arıq inəklər və quru sünbül aclıq[63]; qarğa günahkar adam[64];  xurma dünyada yüksəklik, axirətdə gözəl son, Allah Təalanı görmək cənnətə girmək və ya sevincə[65]; od yemək yetim malını yemək; yaxşı külək rəhmət; pis külək əzab; sultan Allah Təala; siçan fasiq qadın; evin girişi qadın[66]; xəstəlik ixtilaf, nifaq olaraq təbir edilmişdir.[67]

Cümlədə sözlərin yeri dəyişdikcə mənaların dəyişdiyi kimi eləcə də burada qeyd etdiyimiz və ya qeyd etmədiyimiz varlıqların röyadakı vəziyyəti də təbir baxımından dəyişikliyə səbəb ola bilər. Deməli, bu vəziyyətlər mümkün ifadələri fərqli edə bilər. Eynilə yuxu görən şəxsə görə bu mənalar dəyişə bildiyi kimi, şərh edən şəxsə görə də dəyişə bilər.[68]

Röya təbirləri əsasən edilən şərhə uyğun olaraq çıxar. Buna baxmayaraq yuxunun yozumuna baxaraq,  mütləq bir şəkildə nəticə belə çıxacaq demək doğru deyildir. Çünki Yusuf (ə.s) qissəsində

وَقَالَ لِلَّذٖي ظَنَّ اَنَّهُ نَاجٍ مِنْهُمَا اذْكُرْنٖي عِنْدَ رَبِّكَؗ

“(Yusuf) bu iki nəfərdən nicat tapacağını zənn etdiyi kimsəyə (şərab paylayana) dedi: “Ağanın yanında məni də yada sal!”[69] deyərək təbirin nəticəsinin zənni olduğunu ifadə etmişdir.

Qəsdən şər kimi başa düşülən röyalarda, nəticəsi xeyir isə sahibinə, şərdirsə təbir edənə çıxar. Amma sonda Allahdan xəbərdarlıq mənasını daşıyan yuxular, yaxşıya yozulsa da, pis çıxar. Bu səbəbdən yuxu yozumlarını mütləq baxımından deyil, ehtimal baxımından nəzərdən keçirmək daha məqsədə uyğundur.

Psixoloji olaraq röyanın təsiri

Məlumdur ki, röyalar bəzi insanlara təsir edir. Buna görə də yaxşı yuxular insana müsbət təsir edib, onu gücləndirərkən, xüsusiylə dəhşətli yuxular da insana mənfi təsir göstərir. Belə şəxslər günlərlə bu röyaların təsirində qala bilir. Əslində, Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonrakı dövrdə yaşayan Əbu Sələmə adlı bir şəxs, görüdüyü röyaların təsiri ilə xəstələndiyi mənbələrimizdə keçməkdədir.[70] Hz. Məhəmməd (s.ə.s)  əshabənin mənfi yuxuların təsiri altına düşməmələri üçün nə etməli olduqlarını söyləmişdir. Röyaların insana təsirinə işarə edərək, “Biriniz pis yuxu görəndə üç dəfə sol tərəfinə tüpürsün, sonra isə onun şərrindən Allaha sığınsın. Əgər belə etsə, görə yuxuya görə ona zərər toxunmaz” demişdir.[71] Başqa bir hədisdə deyilir ki, pis yuxu görən şəxs yatağından qalxıb namaz qılmalı və bunu insanlara danışmamalıdır.[72]

Bir gün bədəvilərdən biri Hz. Məhəmmədə dedi: “Yuxuda gördüm ki, başım kəsilib və mən onun ardınca gedirəm”. Hz.Məhəmməd  ona “insanlara yuxularında şeytan səninlə oynadığını demə” dedi. Sonra onu dinləyən ətrafdakılara da eyni sözləri dedi.[73] Həqiqətən, pis yuxunun şərindən çəkinmək haqqında hədisi rəvayət edən şəxsin belə dediyini görürük: “Mən pis röyanın təsirini, üzərimdə dağdan da ağır hiss edirdim, ancaq bu hədisi eşitdikdən sonra artıq ona etinasızlıq edirəm.[74]

Rəsulullah (s.ə.s) görülən yaxşı və gözəl yuxular haqqında belə nəsihət verdi: “Sizdən biriniz yaxşı və gözəl yuxu görsə, onu yalnız sevdiyinə desin, başqalarına deməsin”.[75] Bunu etməklə xeyrin gələcəyini bildirmək istəmişdi.

Həzrət Yusufun röyası və təvili

Quranda Hz Yusufun röyası, Yusuf surəsi 4.cü ayədə zikr edilməkdədir. Hz Yusuf röyasında on bir ulduz, ay və günəşin özünə səcdə etdiyini görmüşdü. Röyasını atasına danışdıqda atası, bunu qardaşlarına deməməsini, çünki bu röya səbəbi ilə qardaşlarının ona pislik edə biləcəyini bildirmişdi.

Allah (c.c) röyanın zikr edildiyi ayənin davamında Həzrət Yusufu seçkin qullarının arasına qatacağını, ona röyalarının mənasını öyrədəcəyini, ona olan nemətini tamamlayacağını bildirilmişdi.

Yusufun (ə.s) qissəsinə, onun görmüş olduğu röya ilə başlanmışdır. Ona, yaşı kiçik ikən, qarşıda adının məşhur olacağına dəlalət edən röya göstərilməsi, onu peyğəmbərliyə alışdırmaq üçündür. Allah (c.c) hər hansı bir sıxıntıyla qarşılaşdığında, aqibətinin gözəl olacağını xatırlayaraq sevinməsi, təsəlli olması üçün Yusufa (ə.s) bu röyanı göstərmişdir. Yusuf (ə.s) peyğəmbər nəslindəndi. Ataları Həzrət İbrahim və İshaq (ə.s) kimi, röyanın gələcəkdən xəbər verən bir işarət olduğunu bilirdi.

Yusuf (ə.s) ya ilham ya da atasının öyrətməsi nəticəsində gördüyü yuxunun təbirini bilirdi. O, ulduz, günəş və ayın şərəfli varlıqlar olduğunu, bu varlıqların özünə səcdə etməsinin dərəcəsinin ucalığına işarət etdiyini bilirdi. Röyasını atasına danışdı. Yaqub (ə.s) da oğlunun danışdığı röyanın nəyə işarət etdiyini bildi. Çünki Həzrət Yusufun görmüş olduğu röyanın təbiri gizli deyildi.

Belə ki, Həzrət Yusufun on bir qardaşı var idi, röyadakı on bir ulduz bu qardaşlara, günəş və ay isə ana-atasına dəlalət edirdi. Onların Yusufa (ə.s) səcdə etmələri isə, gələcəkdə ona itaət etmələrinə, ona boyun əymələrinə və onun əmri altına girmələrinə dəlalət edirdi.

Görüldüyü kimi Yusufun (ə.s) röyası onun nə qədər şanlı-şərəfli biri olacağının göstəricisi idi. Yaqub (ə.s) da qardaşlarının Yusufa (ə.s) qısqandıqlarını və belə bir röyanın onların həsəd və qısqanclıqlarını alovlandıracağını bilirdi. Çünki qardaşları da röyanın təbirini öyrənə bilərdilər.

Həzrət Yaqub (ə.s) röyanın dəlalət etdiyi şeyin olmasını istəmədiyi üçün deyil, əksinə qardaşlarının Yusufa (ə.s) tələ qurmalarının qarşısını almaq üçün, oğlundan, röyanı qardaşlarına xəbər verməməsini istəmişdir.

Yaqubun (ə.s) oğluna röyasını gizlətməsi üçün tənbeh etmişdir. Necə ki, Allah Rəsulu (s.ə.s) də “Ehtiyaclarınızı qarşılamağa, onları gizli tutaraq köməklik edin. Çünki nemət sahibi insan qısqanılar.”– buyurmuşdur.[76]

Həzrət Yusuf ayədə bildirildiyi kimi “on bir ulduz, ay və günəşin mənə secdə etdiyini gördüm” deyərkən röyada gördüyünü qəsd etmişdir. Bəzi təfsir alimləri “gördüm” ifadəsini həqiqi mənada qəbul edib, dünya gözüylə gördüyünü iddia etmişlər.  Halbuki, ulduzlar səcdə etməz. Belə olan halda, Yusuf (ə.s) ulduzlar, günəş və ayın, səcdə etdiklərini oyaq ikən deyil, ola bilsin ki, röyada görmüş olmalıdır.

Digər bir cəhət isə, bu ayəni təqib edən ayədə Həzrət Yaqub “röyadan qardaşlarına bəhs etmə” demişdir. Bu da Həzrət Yusufun danışdıqlarını röyasında gördüyünü isbatlamaqdadır.

Yusuf (ə.s) röyasını danışdığı ayədə iki dəfə “gördüm” feilini istifadə etmişdir. Bunun səbəbi budur: O birincisində onları görməyi, ikincisində onların səcdə etdiyini görməyi nəzərdə tutumuşdur. Bəzi alimlər ikinci feilin, “ onları necə gördün” şəklində bir suala cavab olaraq deyildiyini qeyd ediblər, bəziləri də “feil, birincidə oyaq ikən görməyi, ikincidə isə röyada görməyi ifadə etdiyi üçün təkrarlanmışdır” demişlər. Hansı doğru olursa olsun, felin təkrar edilməsi faktdır. Bu təkrar, təkid üçün və ya ikinci feil başlanğıc cümləsi ola bilər. Sanki röyanı eşidən, röyanı danışandan geniş bir şəkildə bəhs etməsini istəmişdir.

Həzrət Yusufun, bu röyanı nə zaman gördüyü haqqında müxtəlif görüşlər vardır. Raziyə görə Yusuf (ə.s) on iki yaşında idi. Röyanı görməsi ilə röyanın gərçəkləşməsi arasında bir rəvayətə görə qırx, digər rəvayətə görə də səksən il keçmişdir.[77]

Yusufun (ə.s) röyasının gərçəkləşməsi uzun çəkmişdir. Razi, bu mövzuda belə demişdir: “ Pis röyalar tez, yaxşı röyalar isə gec həyata keçir. Bunun səbəbi, Allahın (c.c)  qullarına olan mərhəmətidir. Röyada göstərilən pis xəbər uzun müddət görəni hüzünləndirməsin deyə pis röya, hüzünlü hadisənin meydana gəlməsinə  yaxın bir zamanda göstərilir. Amma yaxşı röya, görən üçün bir sevincdir. Belə röya görən, uzun müddət gördüyü röya səbəbiylə, sevincli və ümidli olsun deyə, uzun müddət sonra həyata keçir. Yusufun (ə.s) röyası da bu qəbildəndir.

Yusufa (ə.s) öyrədilən “təvilul-əhadis” haqqında müfəssirlər bu fikiləri demişlər:

  1. Röyaların yozumudur. “Əhadis” kəlməsi “söz” mənasına gələn “hədis” kəlməsinin cəmidir. Röya da, insanın ətrafı ilə və ya mələk arasında keçən bir növ danışma şəklidir. Məsələn, gündüz aclıq, susuzluq kimi ehtiyaclar röyada biruzə verilir. Ruhları saflaşmış insanların, gələcəklə əlaqəli gördüyü röyalar da, röya mələyinin nəfsə verdiyi təlqindir.
  2. Allah (c.c) tərəfindən endirilən kitabların və peyğəmbərlərdən rəvayət edilən sözlərin mənalarıdır. İnsanlar Allahın (c.c) endirdiyi kitabların və peyğəmbərlərdən rəvayət edilən sözlərin mənalarını başa düşmək üçün cəhd edib, bu yolda bir çox əsərlər qələmə alıblar.
  3. Təbiətdə cərəyan edən hadisələrin həqiqətə baxan üzünü, səbəblərin arxa planını tam olaraq qavramaqdır.[78]

Surənin 100-101 ayələrində Yusufun (ə.s) gördüyü röyanın gərçəkləşməsi zikr edilməkdədir. Yaqub (ə.s) xanımı və uşaqları ilə Misirə gəldi. Yusuf (ə.s) onları şəhərin girişində qarşıladı. Sonra  onları saraya gətirdi. Sarayda Yaqub (ə.s), xanımı və oğulları səcdəyə qapandı. Bu mənzərə qarşısında Həzrət Yusuf, “bu daha əvvəl gördüyüm röyamın mənasıdır. Rəbbim onu gərçəkləşdirdi.” buyurdu.

Röya ilə onun şərhi bir-birinə uyğun olmalıdır. Necə ki, Həzrət Yusufun röyasında və bu röyanın təvilində bunu görürük. Röyada ulduzlar, günəş və ay böyük bir hörmətlə ona səcdə etmişdi. Bu röyaya uyğun olaraq Həzərət Yusufun ana-atası və qardaşları ona səcdə etmişdi.

Ayədə, Həzrət Yusufun gördüyü röyanın sadiq röya olduğu göstərilməkdədir. Bu şəkildə olan işarətli röyalar, insanların bilməyəcəyi qeybi xəbərləri ifşa etməkdədir.

Həzrət Yusufun röyası ilə təvili arasında fərqliliklər olduğunu deyən müfəssirlər də vardır. Bu fərqliliklər, onun on bir qardaşı ilə ana və atasının səcdələrində görülmüşdür. Bu müfəssirlərin irəli  sürdüyü görüşlər və bunlara verilən cavablar bunlardır:

Hz. Yusuf, röyada on bir ulduzun özünə səcdə etdiyini görmüşdü. Daha əvvəl də bildirildiyi kimi, onun on ögey qardaşı, bir də doğma qardaşı ( Bünyamin) vardı. Bünyəmin ilə Yusufun (ə.s) qardaşlarının sayı on iki edir. O halda “röyada Bünyəmin də səcdə edənlər arasında idisə, secdə edən qardaşların sayı on iki olmalı idi. Halbuki, Həzrət Yusuf özünə on bir ulduzun səcdə etdiyini görmüşdü” etirazına belə cavab verilmişdir:

  1. Bünyəmin, səcdə edənlər arasında yox idi. Çünki o daha əvvəl də Yusufun (ə.s) yanında idi”.
  2. Səcdə edənlər arasında Bünyəmin də var idi. Yusufun (ə.s) ögey qardaşlarından biri vəfat etmişdi. Bunyamin ilə on bir sayı tamamlanmışdır”.

Misirə gələn Yusufun (ə.s) anası Rahil deyil, xalası Liya idi. Anası Rahil, Bünyəminin doğumundan sonra vəfat etmişdi. Əmi ata, xala da ana sayıldığından ayədə ana-atası səcdə etdi” deyə bəhs edilməkdədir.[79]

Yusuf surəsinin 101-ci ayəsində, “mənə hadisələrin təvilini öyrətdin” deyərkən, bu dünyada baş verən hadisələrin, sonunda gərçəkləşəcək bir röya kimi olduğunu işarə edir. Ona verilən elmdən aldığı nəsiblə, o röyanın təbirini öyrəndiyini və gələcəkdə axirətin varlığını dərk etdiyini bildirmişdir.

Röya ilə əməl etmək

Yuxuların həyatımıza heç bir mənfi və ya müsbət təsiri yoxdur demək ifrat, həyatımızı röyalarla müəyyən etmək də təfritdir. Burada orta yol saxlanmalıdır.

Yuxunun faydasız olduğuna inanmaq xətadır. Çünki gördüyü röyanın eyniylə gerçəkləşdiyinin şahidi olanlar çoxdur. Təcrübələr, yuxuların bir növ gələcəyi xəbər vermə vasitəsi olduğunu göstərir. Allah Rəsulu (s.ə.s): “Mubəşşirat (insanları qeybdən xəbərdar etmək) qurtardı. Ancaq, saleh insanların gördüyü “saleh yuxular” qalır və ya (müəyyən şeylər) onlara göstəriləcək”[80]- buyurmuşdur. Sadiq yuxular, bilindiyi kimi, ya xoş xəbər gətirir və ya xəbərdarlıq edir. Röyalara bütünlükdə məhəl qoymamaq, sadiq röyalardakı müjdə və xəbərdarlıqları diqqətə almamaqdır ki, bundan insanların zərər görmələri açıqdır.

Dinimizin qaynaq kitablarına baxdıqda “Yuxu ilə əməl edilər və ya edilməz” başlıqlı bir hökm yoxdur. Yuxunun, şeytan təlqini, psixoloji problemdən qaynaqlana biləcəyi, hətta subyektiv olması nəzərə alındıqda mütləq olaraq etibar edilməməsi lazımdır. Amma müəyyən mənada dəyərləndirilərək insanın yuxu ilə gələcəyi dərk etməsi də mümkündür.

Röyalara həddən artıq çox dəyər vermək də xətadır. Məsələn, yuxu görən hakim olsa və məhkəmədə yuxu ilə qərar verərsə, səhv etmiş olar. Çünki qeyri-obyektiv dəlilə dayanmış və başqalarını buna tabe olmağa məcbur etmişdir. Ola bilsin ki, o, röya  pərdəsi altında yalan demişdir. Buna görə də aydın və sabit olan hökmlərin, belə bir dəlil ilə təfsir, təvil və ləğv edilə bilməz.

Bunu nəzərə almaq lazımdır ki, sadiq röyalar da, onları təbir edən insanlar da azdır. İslam alimləri yatmazdan əvvəl dəstəmaz almağı və mümkünsə namaz qılmağı tövsiyə edir.

Gördüyünüz yuxu şəri dəlilə zidd deyilsə, yuxunun sahibi üçün,  məna ifadə edə bilər. Ona görə də şəxs İslam hökmlərinə zidd olmaması şərti ilə gördüyü yuxuya uyğun hərəkət edə bilər. Hətta bu yuxu imanını gücləndirə bilər. Ancaq yuxuladığı vaxtın Peyğəmbərlərdən başqa insanlar üçün qəflət anı və şüurun aktiv halda olmaması unutulmamalıdır.

Yuxarıda da qeyd etmişdik, yaxşı yuxu gördükdə onu başqasına söyləmək olar. Pis yuxu gördükdə isə, sol tərəfə dönüb üç dəfə tüpürməli, o yuxunun şərindən Allaha (c.c.) sığınmalı və heç kimə danışmamaq lazımdır. Çünki Rəsulullahın (s.ə.s) buyurduğu kimi, röya təbir olunana qədər quş ayağındakı daş kimidir, təbir edildikdə düşər.[81] Əgər belə edilsə, Allahın izni ilə o röyanın heç bir zərəri olmaz.[82] Röyanı təbir etdirmək üçün alim və yaxşı niyyətli insanlar axtarılmalıdır.[83]

Röya, qədimdən bəşəriyyətin diqqətini cəlb etmiş və yaşadığı müddət ərzində də cəlb edəcək. Qeyd etdiyimiz kimi o ruhla əlaqəli məsələdir. Ruhla əlaqəli bir mövzu olması baxımından aparılan araşdırmalar müsbət elmlərdə olduğu kimi konkret nəticələr ortaya çıxara bilməmişdir. Quranda da ruhla bağlı insanlara çox az məlumat verildiyi bildirilir.[84] Ruhun mahiyyəti bilimədiyi üçün birbaşa onunla əlaqəli olan yuxugörməni də izah etmək o qədər də asan deyil.

Röyanın mahiyyəti haqqında, elm sahələri tərəfindən müxtəlif məlumatlar verilmiş, onunla bağlı bəzi fikirlər qəbul edilmişdir. Buna misal olaraq; iradi olaraq insan həyatda görmək istədiyini röyada görə bilmir. Yuxugörmə prosesində iradə rol oynamır. Əgər bu mümkün olsaydı, insanlar maraqlanırdıqları və oyaq ikən əldə edə bilmədikləri məlumatlara yuxuda çata bilər və nəticədə nizam pozulardı.

Görülən röya qədər, o röyanın təbiri də əhəmiyyətlidir. Alimlər yuxunun düzgün yozulması üçün bəzi şərtlər irəli sürmüşlər. Yuxunu yozan şəxs işin əhli olmalı, mənəvi cəhətdən bu qabiliyyəti inkişaf etmiş olmalıdır. Röyanın mahiyyəti bilinməli, görülən yuxu yaxşıdır, yoxsa pis; rəhmanidir, yoxsa şeytanın aldatmasıdır? Bütün bunlarla yanaşı hər yuxunun da düzgün şəkildə yozulması imkansızdır.  Almalılı Həmdi Yazırın da qeyd etdiyi kimi “röya təbiri elmi” kəsbi deyil “vəhbi” bir elmdir. O da hər kəsə nəsib olmur.

Görülən yuxunu ya tamamilə inkar etməli, ya da onu mütləq həqiqət kimi baxılmalıdır. Görülən yuxunun həyatımıza heç bir təsiri olmadığına inanmaq və ya həyatı röyalara uyğun olaraq tənzimləmə bu mövzuda iki ifrat ucdur. Sadiq yuxular bizə yaxınlaşan gözəl xəbərlərin müjdəçisi, ya da başa gələ biləcək təhlükələrin carçısı ola bilər.

Ceyhun Vahidoğlu 

[1] Ənfal, 8/50

[2] Ənfal 8/48

[3] Nəcm 53/11

[4] Rağib əl İsfahani, Müfrədat fi Ğaribul Quran, Beyrut, s. 209

[5] İbn Manzur, Lisənül-Ərəb, XIV, 297;

[6] Zəməxşəri, əl-Kəşşaf, c. II, s. 303

[7] İsfahani, əl-Müfrədat, 129.

[8] Buxari, Təbir, 3, 4, 10, 14, Bəd ul-Xəlq, 11, Tibb, 39; Müslim, Röya, 201; Əbu Davud, Ədəb, 88; Tirmizi, Röya, 5;

[9] Fəxrəddin Razi, Təfsirul-Kəbir, c. XVIII, s.147.

[10] Yusuf, 12/ 44.

[11] Zümər, 39/ 42.

[12] İsfəhani, əl-Müfrədat, 510.

[13] Nəbə, 78/9.

[14] Yusuf, 12/101.

[15] Yunus, 10/ 64.

[16] Nəbə surəsi, 78/9

[17] Zümər 42

[18] Ağlın mərtəbələri yeddidir: təxəyyül, təsəvvür, təaqqül, təsdiq, izan, iltizam, etiqad

[19] İmam Qəzzali, İhya Ulumiddin, tərc. Ahmet Serdaroğlu, İstanbul, 1985, IV, 903.

[20] İbn Xaldun, Müqaddimə, tərc. Zakir K. Ugan, İstanbul, 1989, I, 251- 252.

[21] Müslim, Röya 1

[22] Müslim, Röya 2

[23] Buhari, Təbir 3

[24] Müslim, Röya 6

[25] Buhari, Təbir 26

[26] Erdoğan, Ismail, İslam Filozoflarının Rüyanın Mahiyeti Hakkındaki Görüşleri, İslami Araştırmalar, c. 16, sayı 1, s. 67-68.

[27] Canlılarda daxildən və xaricdən gələn xəbərdarlıqları sezən ruhi gücdür. DİA, Hissi-müşterek maddəsi,

[28] Yusuf surəsi, 12/101

[29] Əbu-Suud, Muhamməd, Muhammd əl-İmadi, İrşadul-Aqlis-Səlim, Dəru İhyait-TürasiI- Ərəbi, Beyrut, c. 4, s. 308.

[30] Qarafı, Furuq, c. 4, s.187

[31] İbn Macə, Röya 6

[32] İbn Macə; Röya 10

[33] İbn Macə, Röya 7

[34] Buxari, Təbir 46

[35] Saffat, 37/49.

[36] Hücurat, 49/12.

[37] Buxari, Sayd, 7, Bədil-xəlq, 1; Müslim, Hacc, 71-73; Tirmizi, Hacc, 23;

[38] İbn Macə, Sayd, 19;

[39] İbn Sirin, Təbirur-Röya, s. 3.

[40] İbn Sirin, e.a.ə, s 3.

[41] Buxari, Təbir 46

[42] İbn Sirin, Müntəxabul-Kəlam, 9

[43] İbn Sirin, e.ə.a, 6-9

[44] İbn Sirin, e.ə.a, 18-20

[45] Allah Rəsulu s.ə.s röyasında doya-doya içtiyi südü belə təbir etmişdir. Buxari, təbir 15,

[46] Ali-İmran 3/14 bunu göstərir. Yenə Allah Rəsulu (s.ə.s) röyasında əlinə qoyulan iki bilərziyi (ki onlara üfləməklə əmr edilmişdir), iki yalançının peyğəmbərlik iddiası ilə çıxacağına yozmuşdır. Bunlar da Səna çıxan Əsvəd əl-Ansi ilə Yəmaməli Yalançı Müseylimədir. (Buxari, Təbir 40)

[47] كَاَنَّهُنَّ بَيْضٌ مَكْنُونٌ “Onlar (Cənnətlik qadınlar) sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər). Saffat 37/49 ayəsinə dayanaraq.

[48] فَاَنْجَيْنَاهُ وَاَصْحَابَ السَّفٖينَةِ وَجَعَلْنَاهَٓا اٰيَةً لِلْعَالَمٖينَ Ankəbut 29/15 “Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.”

[49] Allah Rəsulu (s.ə.s) röyasında Öməri uzun paltarlı gördüyündə belə təbir etmişdir (Buxari, Tabir 17)

[50] هُنَّ لِبَاسٌ لَكُمْ وَاَنْتُمْ لِبَاسٌ لَهُنَّؕ “ Qadınlar sizin, sizlərdə qadınların paltarısız” Bəqərə 2/187,

[51] Allah Rəsulu s.ə.s bir röyanı belə təbir etmişdir. Tirmizi, Röya, 10.

[52] Hz. Peyğəmbər s.ə.s çox cömərd olan Zeynəbi r.a əli uzunluqla vəsf etmişdir.

[53] Allah Rəsulu s.ə.s bir röyanı belə təbir etmişdir. Buxari, Rüya 23

[54]  وَاعْتَصِمُواْ بِحَبْلِ اللَّهِ جَمِيعًا “Hamınız Allahın ipinə sarılın və ayrılığa düşməyin” (Ali-imran surəsi, 3/103)

[55] Məcmauz-Zəvaid, 7/180.

[56] Əhməd b. Hənbəl, Müsnəd, 5/8

[57] وَاٰتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَٓا اِنَّ مَفَاتِحَهُ لَتَنُٓوأُ بِالْعُصْبَةِ اُو۬لِي الْقُوَّة   “Biz ona elə xəzinələr vermişdik ki, güclü bir topluluq çətin daşırdı” Qasas, 28/76

[58] Buhari, Rüya 27

[59] “Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu.” (Bəqərə surəsi 2/74)

[60] “Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar” Hücurat surəsi, 49/12

[61] ”Röyada ayaqlara vurulan halqanı sevirəm, boyuna vurulanı sevmirəm. Ayaq bağı dində səbatdır.” Tirmizi, Röya 1

[62] Allah Rəsulu s.ə.s Uhud savaşından əvvəl belə bir röya gördüyündə, bəzi səhabələrin şəhid olacağını bilmişdi. Müslim, Röya 4; Davudoğlu, Ahmed, Müslim Şerhi, Sönmez Neşriyat, İst.1983, s. 10/36.

[63] Yusuf surəsi, 12/43.

[64] “Haram bölgəsində fasiq olan beş heyvan; qarğa, ilan, əqrəb, quduz it və yırtıcı quş öldürülə bilər.” Bir başqa hədisdə ilan yerinə siçan keçir. (Əhməd b Hənbəl, müsnəd, 6/87)

[65] “Kim röyada Rəbbini görərsə cənnətə girər” (Darimi, Röya 12)

[66] Çünki İbrahim a.s yoldaşına haqqında oğluna, “Qapının eşiyini dəyişdir və qapının eşiyini tut” demişdir.

[67] Buxari, Təbir 17,18,19,25,26,39

[68] İbn Xaldun, Müqəddimə, əd-Dərut-Tunisiyyə lin-Nəşr, 1993, s. 597-600.

[69] Yusuf surəsi, 12/42.

[70] Buxari, Təbir, 46

[71] İbn Macə, Təbir-Röya, 4

[72] Tirmizi, Kitab-Röya, 1.

[73] İbn Macə, Kitab Təbir-Röya, 5.

[74] İmam Malik, Muvatta, Kitab-Röya, 4.

[75] İbn Macə, Kitab Təbir-Röya, 6.

[76] İbn Kəsir, Təfsir Kəbir, IV, 299.

[77] Razi, e.a.ə, XVIII, 87.

[78] Razi, e.a.ə, XVIII, 89. ibn Aşur, ət-Təhrir, XII, 216.

[79] Elmalılı, age, IV, 2925- 2929

[80] Muvatta, Röya, 3

[81] Darimi, Röya, 11.

[82] Müslim, Röya, 4

[83] Darimi, Röya, 10.

[84]  İsra, 17/85




Bənzər məqalələr

Yuxu və beynin istirahəti

Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii-fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Yuxugörmə hadisəsi necə baş verir?

Yuxuda hərəkətsiz bədənimizlə görən, gəzən və danışan kimdir? Gecələr yuxuya dalırıq. Göz qapaqlarımız bağlanır, qulaqlarınız eşitmir, diliniz lal olur, əlimiz tutmur və ayağımız yerimir. Əgər yuxuda olarkən yanımızda kimsə danışsa onu görmür, danışdığını isə eşitmirik. Onun da, bizim yuxuda gördüklərimizdən, hiss edib yaşadıqlarımızdan xəbəri olmur. İnsan çox vaxt ancaq yatdığını və oyandığını bilir. Yatarkən gözü bağlı qaranlıqlara dalmış kimi olur və heç nə görmədən dünyaya qayıdır.

Rəsulullahın (s.ə.s) yatış və uzanma tərzi

Ərəbcə “nəvm” sözünün qarşılığı olan yuxu bədənin dincəlib yenidən fəaliyyətə başlaması üçün vücuddan və xarici aləmdən gələn siqnalları müvəqqəti olaraq qəbul etməməsi, daxili orqanların fəaliyyətinin passivləşməsi deməkdir. Yuxu insanlar üçün bir nemətdir. Bütün günü işləyib yorulan vücud gecə istirahəti ilə əvvəlki gücünü bərpa edir.

Yuxu nədir? Hansı növləri var?

Yuxu həqiqət aləminə açılan pəncərələrdən, olmuş və olacaq hadisələrin eyni ilə görülməsindən, yaxud bəzi işarələrlə müşahidə edilməsindən ibarətdir. Yuxularda gözə, maddəyə və işığa ehtiyac olmur, hər şey bəsirət və ruhla sezilir. Məhz buna görə də yuxular bir çox hallarda insana təsəvvürəsığmaz gözəllikləri göstərir.


Şərh yaz