4. 317 dəfə oxunub ,   0 şərh   Çap et

“Malının zəkatını verməklə borcunu ödəmiş (yoxsulun haqqını vermiş) olursan” (Tirmizi, Zəkat, 2; İbn Macə, Zəkat, 3; İbn Hibban, Səhih, VIII, 11)

Zəkat pul, qızıl və gümüşlə müəyyən mal növlərinin müəyyən hissəsini Allah-Təalanın müəyyən etdiyi müsəlmanlara zəkat niyyəti ilə verməkdir. İslamın beş əsasından biri sayılır. Əkinçilik məhsullarından alınan zəkata öşür deyilir. Fərzliyinə və verilən yerlərə görə zəkatla öşür arasında heç bir fərq yoxdur.

Zəkat, hədisin ifadəsi ilə, İslamın körpüsüdür. (Beyhaqi, Şuub, III, 20, 195; Heysəmi, III, 62) O, varlı ilə kasıbı bir-birinə yaxınlaşdırır, qarşılıqlı sevgi və hörmət hissini gücləndirir. İslamın namazdan sonra israrla əmr etdiyi zəkat ibadəti az gəlirli və ya gəliri olmayan insanların ehtiyacının təminində mühüm funksiya yerinə yetirir, varlını xəsislikdən çəkindirir və əliaçıq, səxavətli bir şəxsə çevirir. Zəkat malı azaltmır, əksinə daha da artırır və bərəkətləndirir. O, bir mənada, üzümün cır budaqlarını budamağa bənzəyir. Zəkat veriləndə zahirən malda azalma görünsə də, nəticə etibarilə, qazanc gətirir. Peyğəmbərimiz bu əhəmiyyətli həqiqəti belə açıqlayır:

“Hər gün iki mələk enir və biri: “Allahım! İnfaq edənin malının arxasını gətir (malını bərəkətləndir)” deyə dua, o biri isə “Malı yığıb xəsislik edənin malını tələf et” deyə bəddua edir” (Buxari, Zəkat, 27: Müslim, Zəkat, 57)

Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan (Tövbə, 9/103) ayəsi nazil olanda Allah Rəsulu səhabələri sədəqə və zəkat verməyə təşviq etmişdi. Varlı, kasıb – bütün möminlər münafiqlərin rişxəndinə, acı söz və davranışlarına baxmadan zəkat və sədəqə verməyə tələsmişdi. Əbdürrəhman ibn Avf mal-mülkünün yarısını – yəni dörd min dirhəm sədəqə vermiş, Əbu Aqil isə bir gün ərzində işləyib qazandığı xurmaların yarısını gətirmişdi. Bütün günü qazandığı xurma bir neçə kiloqram ancaq olardı.

Zəkat vermək imkan və sərvət bəxş edilmiş bəndələrinin borcudur. Nəticə etibarilə, İslamiyyət varlı insanların bu borcu verməyi, verəndə də yoxsullara minnət qoymamağı tələb edir. Zəkat vəzifə şüuru ilə yoxsullara təhvil verilməldir. Digər mühüm məqam isə zəkat verənlərin Allahın Rəhman isminin təcəllisi ilə hərəkət etməsidir. Mərhəmət duyğusu və xeyirxah hislərlə verilən zəkat kasıbların ehtiyacını aradan qaldırır, onların varlılara xoş münasibət bəsləməsində, ictimai rifahın təmin edilməsində böyük rol oynayır. Heç kim şəxsi qabiliyyət və imkanları ilə var-dövlət əldə edib zəngin ola bilməz. Allah elmi istəyənə, mülkü də istədiyinə verir. Bir tale quşu kimi çiyinə qonan var-dövlətə görə təkəbbürlənmək və insanlara yuxarıdan baxmaq ilahi qəzəbə tuş gələn çirkin davranışdır. Allah üçün verməli, insanları incitməməli, sağ əlimizin verdiyini sol əlimizə hiss etdirməməliyik. Bu cür davranmaqla həm xalqın, həm də Haqqın razılığını qazanmış olarıq.

Məşhur fransız mütəfəkkiri Roje Qarodi (Roger Garaudy) zəkatın möminlərin həyatında nə qədər əhəmiyyətli bir boşluğu doldurduğunu bu ifadələrlə dilə gətirir: “Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Zəkatın dövlətə verilən vergilərdən ayrı bir mükəlləfiyyət olduğunu da unutmamalıyıq, yəni bir mömin dövlətə verdiyi vergini zəkatından çıxa bilməz. Bununla yanaşı, “zəkat verirəm” deyib dövlət vergilərini ödəməmək də əsla doğru deyildir. Həmçinin dövlət vergini ticarət və sənaye müəssisələrində əldə edilən gəlirdən alır, zəkat isə nisab miqdarından[1] artıq olan və toplanmış sərmayənin cəmindən verilir. Buna görə də vergi dəyəri ilə zəkat dəyəri bir-birindən əsaslı şəkildə fərqlənir.

[1]Nisab zəkatın vacib olması üçün dinin qoyduğu ölçüdür ki, bu da borcdan əlavə 85 qram qızıl, 595 qram gümüş və ya bunların qiymətinə bərabər pul və ticarət malına malik olmaqdır.



Açar sözləri

borc kasıb varlı zəkat

Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

“Kasıba” əl uzatmaq

“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkat yığan işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, azad olmağa çalışan kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.”

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Varlılar kasıblardan üstündürlərmi?

İslam, ehtiyac sahibi bir şəxsin  başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.


Şərh yaz