189 dəfə oxunub ,   0 şərh   Çap et

  Qadın dağın qoynundakı evdə tək yaşayırdı. Əri yaxın zamanda cəbhəyə getmişdi. Özü də hamilə idi. Övladının dünyaya gəlməsinə az vaxt qalmışdı. Bir gün yemək bişirmək üçün çır-çırpı toplamağa getdi. Evinin üstü meşəlik ərazi idi. Evə qayıdarkən yolu üstə gözü yaralı gəlinciyə ilişdi. Ona yazığı gəldi. Evə gətirdi, bəsləməyə başladı.  Yalnızlığı bir nəbzə azalmışdı. Bir tərəfdən ərinin yoxluğu, digər tərəfdən yeni dünyaya gələcək körpəsi sanki məngənə olub onu sıxırdı. Gəlincik bir nəbzə başını qatmışdı. Bir müddət keçdi, gəlincik də qadına isnişdi. Artıq evcil heyvan olmuşdu, qadının yanından heç ayrılmırdı. O hara getsə onunla gəlirdi.
  Vaxt gəldi, vədə doldu uşaq dünyaya gəldi. Qadının içində hər daim belə bir qorxu vardı, gəlincik körpəsimə zərər verər. Nə də olsa o vəhşi heyvan idi. Ona görə heç bir zaman körpəni gözdən qoymur, özü bayıra çıxanda gəlinciyi də bayıra çıxarırdı.
Günlərin bir günü yenə körpəsini əmizdirirdi, körpə əmə-əmə yuxuya getdi.  Onu astaca yatağın üstünə qoyub bayıra çıxdı.  Görüləsi işləri vardı. O da bu fürsətdən istifadə edib həyətdəki işləri görmək istəyirdi. Artıq o evin həm qadını, həm kişisi, uşağın həm anası, həm də atası olmuşdu.
  Dirrikdə alaq edirdi. Qəfildən ağlına gəldi ki, körpəni gəlinciklə baş-başa qoyub. Beynindən vurulmuşa döndü. Toxmağı yerə atıb cəld evə qaçdı. Qapını açınca şok oldu. Gəlinciyin ağzı-bədəni qan içərisində idi. Qapının yanına balta söykənəkli idi. Evdə tək başına olduğu üçün ehtiyat olsun deyə onu həmişə içəri qoyurdu. Tez əlinə alıb gəlinciyə vurdu. Elə tək vuruşla gəlincik oradaca öldü. Qorxu və təlaş içində tez körpəsinə doğru şığıdı. Gördü ki, uşaq buraxdığı kimi mışıl-mışıl yatır. Təlaşı gedincə, bir də nə görsün, yatağın digər yanında yekə bir ilan ölüsü var. Gəlincik ilanı çeynəyərək öldürmüşdü. Yazıq gəlincik əslində körpənin həyatını xilas eləmişdi. Qadın gəlinciyi öldürdüyü üçün çox peşman oldu. Artıq iş-işdən keçmişdi. Sonrakı peşmançılıq fayda verməz!
  Bəli, qadının beynində gəlincik haqqında formalaşan sui-zənn onun ölümünə səbəb olmuşdu. Bu bir hekayədir. Bəlkə bu əhvalat baş verib və ya verməyib. Həyatda bu qəbil hadisələr çox baş verir. Əsas olan, hər hekayə bir həyat dərsidir. Ona görə qissədən hissəyə keçəcək olursaq sui-zənn, həsəd, kin, qeybət və s. kimi mənfi hislər qarşı tərəfə zərər vurar, lakin onu bəsləyən şəxsdən də heç vaxt yan ötməz. Ona görə bu cür hisləri insan qəlbindən atmalıdır.
  Zənn nədir?
  Ərəb dilindən dilimizə keçən zənn kəlməsi, lüğətdə şübhələnmək, güman etmək, dəqiq məlumatı əldə etmək, ittiham etmək mənalarına gələn zənnə feilinin məsdər forması olub, iki uclu sözdür. İçində şübhə olan, dəqiqləşməmiş məlumata da, düşünərək əldə edilən dəqiq bilgiyə də zənn deyilir. Ərəblər dibində su olub-olmadığı bilinməyən  quyuya zənun deyirlər. (Lisanul-Arab) Rağib Əl-İsfəhaniyə görə zənn, bir ip ucundan qənaət, fikir əldə etmək üçün çıxış nöqtəsidir. O qənaət bizi ya həqiqi bilgiyə çatdırar, ya da o şey haqqında şübhəni, vəhmi artırar, əsli-əsası olmayan fikir formalaşdırar. (Müfrədat) Azərbaycan dilinin izahlı lüğətində zənn sözü, kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir; feil forması olan zənn etmək isə, güman etmək, ehtimal etmək, düşünmək” şəklində izah olunur. Yəni, zənn bir şəxs və ya hadisə haqqında şübhə ilə qarışıq yaranmış ön fikir, ön düşüncə, ön yarğıdır.
  Quranı Kərimdə 20-ə yaxın yerdə zənn sözü hər iki mənada da işlədilir. “Allaha qovuşacaqlarına zən edənlər (inananlar) belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!” (Bəqərə, 2/249) Mənfi mənada isə, “Əksinə, siz Peyğəmbərin və möminlərin bir daha ailələrinin yanına qayıtmayacaqlarını zənn etmişdiniz. Bu, sizin qəlblərinizin xoşuna gəldi və pis zənn bəslədiniz. Siz məhv olmağa layiq kimsələr oldunuz.” (Fəth, 48/12) Hədislərdə də zənn sözü hər iki mənada da işlədilir. Mən, bəndəmin zənni üzrəyəm. Məni zikr edib xatırladığı müddətcə mən onunla birlikdəyəm…” (Buxari, Tövhid 15;  Müslüm, Zikr 2) “Zəndən uzaq durun, çünki zənn sözün ən yalanıdır” (Buxari, Fəraiz 1)
Ayə və hədislərdə bir-birinə əks mənalarda işlədilən zənn sözü daha sonrakı dövrlərdə alimlər tərəfindən hüsnü-zənn və sui-zənn olaraq ayırmışlar. Hüsnü-zən xoşniyyət, sui-zənn isə bir şey haqqında şübhələnmək, mənfi fikirdə olmaq mənasında işlədilir.
  Sui-zəndən uzaq durun…
  İnanan insan, hər hansı bir şəxs və qrup haqqında pis fikirdə olmamalı, həmin şəxs/şəxslər haqqında ortalıqda dolaşan bir məsələni hər tərəfli bilmirsə danışmamalıdır. Digər yandan da bunu düşünməlidir, mən bu məsələni doğru belə olsa danışarsam nə əldə edəcəyəm? Quranı Kərimdə möminlərin bir-birinə qarşı hüsnü-zən etməsi əmr edilmişdir. “Kaş onu (iftiranı) eşitdiyiniz zaman mömin kişi və qadınlar qəlblərində yaxşı şeylər düşünərək: “Bu, açıq-aydın bir iftiradır!” – desəydilər. (Nur 24/12) Çünki bir məsələdə zənn və gümana dayanaraq fikir bildirmək sui-zənn sayılır. Əgər işin əsli elə deyilsə, bu hal iftira və ya böhtan olur. Başqasının arxasınca danışmaq qeybət sayılır. Baxın, içinə düşülən yanlışlıq insanı necə günah girdabına salır. Allah qorusun, ayaq büdrəyincə insan silkinib duruşunu düzəltməzsə ikinci addımı atarkən üzü üstə yerə qapanar.

“Ey iman gətirənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir.” (Hücurat, 49/12)

  Bir şəxs haqqında sui-zənn etmək doğru deyildir. Əgər həmin şəxs haqqında əksini sübut edəcək açıq dəlillər yoxdursa ona qarşı hüsnü-zənn etmək lazımdır. Kənardan baxıldığı zaman gözəl, normal görünənə sui-zənn etmək haramdır. (Təbəri, XI, 393-394; Qəzzali, III, 152).
  Sui-zənn qəlbin qeybəti olub, dil ilə ediləndən fərqi yoxdur. Bir şəxs haqqında qeybət etmək haram olduğu kimi, sui-zənn etmək də haramdır. İnsanların daxili aləmini, qəlbini, gizlin halını qeybin tək hakimi Allah bilir. Bir insanın əməl və davranışlarına baxınca əgər onun haqqında müsbət fikir yaranmaz, yanlışı da ortaya çıxmazsa yenə o şəxs haqqında sui-zənn edə bilmərik.

“Zəndən uzaq durun. Çünki sözün ən yalanıdır. Başqalarının nə danışdığına qulaq verməyin, bir-birinizin özəl hallarını araşdırmayın, bir-birinizlə üstünlük yarışına girməyin, bir-birinizə həsəd etməyin, bir-birinizə kin bəsləməyin, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları! Qardaş olun!” (Müslim, Birr, 28)

  Şeytan insanın damarlarında dolaşır. Həm fərdin şəxsi həyatını, həm də cəmiyyəti sıradan çıxartmaq üçün durmadan çalışır. Bu mənada sui-zənn şeytanın cəmiyyət həyatına kin, nifrət, düşmənçilik salmaq üçün istifadə etdiyi vasitələrdən biridir. (İḥya, III, 150-151). Hüsnü-zənn Rəbbimizdən, sui-zənn isə şeytandandır. Sui-zənn şeytanın insanı yolunu azdırmaq üçün ruhuna nüfuz etdiyi qapılardan biridir. Bu səbəblə həm şeytanın sui-zənn etmək üçün bizi qıcıqlandırmasından, həm də pis niyyətli insanların töhmətindən uzaq qalmaq lazımdır.       “Aləmi necə bilirsən, özüm kimi” ifadəsinin pəncərəsindən hadisələrə baxsaq görərik ki, pis niyyətli insanlar hər kəsdə nöqsan, əskiklik axtarar, hər kəsi özü kimi görər, içindəki mənfilikləri axıdacaq, bulaşdıracaq şəxslər axtararlar. Mömin əfv edər, görməzdən gələr, münafiq də qüsur, əskiklik axtarar. (İhya, III, 36). Buna görə Quran bizə insanları özəllərini araşdırmağı qadağan edir. “Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb – bunların hamısı ondan sorğu-sual olunacaqdır.” (İsra, 17/36) Bir nəfər və ya qrup haqqında mənfi bir məlumat gəlib çatarsa onu həmən qəbul etməməli, araşdırmalıyıq. “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz.” (Hucurat. 49/6)
Mömin möminin qüsurunu, eybini örtməlidir. Təcəssüs, insanların özəl, gizlin halını araşdırmaq şəxsi həyata müdaxilədir. Allah bizlərə insanların xəta, qüsur və günahlarını ortaya çıxartmaq kimi məsuliyyət yükləməyib. İnsan həmişə özünü qınamalı, başqaları haqqında da hüsnü-zənn qapılarını ardına qədər açmalıdır. Allah Rəsulu (s.ə.s) yanına gəlib günahını etiraf edən şəxslərə “Qayıt, get, tövbə elə. Allahın əfv etməyəcəyi günah yoxdur,”- demişdir. İmam Hadimi Bərika adlı əsərində belə tövsiyə edir:  “Bir mömini zina edərkən belə görsən, yanlış gördüyünü düşün. Dön bir kərə daha ‘Həqiqət odurmu?’ – deyə yoxla. Əgər odursa, “Ehtimal yenə yanlış gördüm.”- de. Sonra da, “Ya Rəbbi! Onu bu çirkin haldan qurtar, doğru yolu göstər. Məni də belə hala düşməkdən qoru, əfv eylə.”- de və oradan uzaqlaş və gördüyünü də unut.

“Kim qardaşının ayıbını örtərsə, Allah da qiyamət günü onun ayıbını örtər. Kim də müsəlman qardaşının ayıbını ortaya çıxardarsa, Allah da onun ayıbını ortaya çıxarar. Hətta evinin içində belə olsa, onu ayıbıyla rəzil-rüsvay edər.” (İbn Macə, Hudud, 5)

  Hər insan xəta edə bilər. (İbn Macə, Zöhd 30) Nisyan (unutmaq), insanın təbiətində var. Unutmayaq, başqalarının ayıblarını araşdıran insan, özü də günah və ayıb məngənəsindən qurtula bilməz. Gec-tez o günaha özü də batar. “Müsəlman qardaşını başına gələn fəlakəti sevinclə qarşılama! Allah Təala ona mərhəmət edər və düşdüyü  fəlakətdən qurtarar. Ancaq səni də eyni şeylə imtahan edər.”  (Tirmizi, Qiyamət, 54)

  İmamın hekayəsi
  Qasım öncə ibtidai, sonra da mədrəsə təhsilini doğulub boya-başa çatdığı şəhərdə tamamladı. Aldığı bu təhsil onu yetmir, daha çox elmə yiyələnmək istəyirdi. O dövrdə böyük mədrəsələr Buxarada, Səmərqənddə idi. Oxumaq ehtirası Qasımı böyüyüb boya-başa çatdığı doğma el-obasından ayrılmağa məcbur elədi. O tərəfə gedən karvanlardan birinə qoşularaq evdən ayrıldı. Həqiqətən oraların ab-havası tam fərqli idi. İnsanlar qoyundan-quzudan, mal-qaradan, otun-yemin azlığından, quraqlıqdan, məişət qayğılarından danışmırdı. Aradan üç-dörd il keçmişdi. El-oba həsrəti ağır basdı, yaxınları, əzizləri üçün darıxmağa başladı. Bu fikir onun dərslərinə təsir edirdi. Nəhayət iki aylıq icazə alaraq öz doğma yurduna, elinə obasına qayıtdı. Şəhərin böyük məscidi onların məhəlləsinə bitişik idi. Vaxt namazlarını orada qılardı.
  Məscidin Yunus adında Qasımdan bir neçə yaş böyük imamı vardı. Təvazökar, ədəbli insan idi. Çox gözəl səsi vardı. Oxuduğu Quran könüllərdəki yaralara məlhəm olurdu. Verdiyi vəz-nəsihətlər insanlara təsir edir, onların mənəviyyatını artırırdı. Qasımı da çox sevərdi. İnsanların verdiyi sədəqə-zəkatdan bir qismini də onun üçün ayırar, gəlib gedənlə Buxaraya göndərərdi.
  Həmin tətil müddətində belə bir hadisə baş verdi. Bir gün Qasım vaxt namazı üçün məscidə gəldi. Hələ vaxt vardı deyə, həyətdə oturdu. Fikrə daldı. Cəmiyyətdə gördüyü yanlışları, səhvləri analiz edir, nəyi nə ilə əvəz ediləcəyini düşünürdü. Elm öyrənirdi, bəlkə çox şey bilirdi, ancaq hələ xam, çiy idi, bir növ yeni çiçəyə durmuş günəbaxana bənzəyirdi. Özünü əllamə zənn edir, məscid əhlinə, mədrəsədəki tələblərə yuxarıdan aşağı baxırdı.
  Gözü birdən məscidin imamı Yunus Əfəndiyə ilişdi. Yunus tualetə girdi, bir az sonra çıxdı, gəldi əlini yudu və məscidə daxil oldu. Azan oxundu, camaata namaz qıldırdı. Qasımın qəlbinə mənfi fikirlər dolmağa başladı. İmam dəstəmazsız namaz qıldırmışdı. Öz gözləri ilə görmüşdü, Yunus tualetdən çıxdıqdan sonra dəstəmaz almadı.
  Namazdan sonra çayçıya keçdi. Orada imamdan söhbət açıldı. Qasım sazı əlinə aldı. “Siz onun tərifləyib durun, mən öz gözlərimlə gördüm, tualetə girdi, çıxdı dəstəmaz almadan namaz qıldırdı. İstər inanın, istər inanmayın. Mən, Allahın adına and verərəm ki, dediklərim doğrudur.” Camaat da bir az öncə mədhiyyələr düzdüyü imamın bu səfər əleyhinə danışmağa başladılar. Şeytan da boş dayanmadı Qasımın atdığı qığılcımı körüklədi. Vaxt tamam olduğu üçün Qasım yenə Buxaraya qayıtdı. Fəqət divara palçıq atıldı, qurudu izi qaldı.
  O getdi, ancaq məscid imamı haqqında söhbət çox uzandı, dildən-dilə düşdü, fitnə böyüdü. Saman çöpü Zaman kişini öldürdüyü kimi, Qasımın bu sözləri sonrası Yunus Əfəndi haqqında ağıla-gəlməz şayiələr yarandı. Kimsə gəlib ondan bu haqda sual soruşmadı. Camaat məscidi tərk elədi. Yunus Əfəndi də məsciddən ayrılıb kəndlərdən birində imamlığa başladı. Onun haqqındakı söz-söhbət oraya da gedib çatdı. Bu səfər başqa kəndə köçdü, oradan da didərgin saldılar. Axırı naəlac qalıb o bölgəni tərk etdi, kimsənin bilmədiyi yerə gedərək yenə məsciddə imamlıq etməyə başladı.
  Zaman keçdi Qasım təhsilini başa vurdu. Öyrəndiyi elmlər onu bambaşqa insana  eləmişdi. Artıq dən tutmuş günəbaxan kimi  boyunu əyilmişdi. Yenə doğma el obasına qayıtdı. Camaatın məsləhəti ilə şəhərin mərkəzi məscidinə imam təyin olundu.
  Bir gün namaz öncəsi dəstəmaz təzələmək istədi. Əslində dəstəmazı var idi. Tualetə ehtiyac üçün girdi, ancaq heç bir şey etmədən çıxdı. Əllərini sabunla yudu. O an, beynini sanki ildırım vurdu. Tualetə girdi-çıxdı, ancaq hələ dəstəmazlı idi. Yadına Yunus Əfəndi düşdü. Öz-özünə düşündü: “Deməli, o da mənim kimi dəstəmazı var ikən tualetə girdi-çıxdı, ancaq heç nə etmədiyi üçün təkcə əllərini yudu, sonra namaz qıldırdı.” Olan olmuş, keçən keçmişdi. Ortaya atılan yanlış bilgi yanlış hisləri oyandırmış, o yanlış hislər də Yunusa qarşı olan məhəbbəti söküb dağıtmışdı. Mədrəsə təhsilinin sonunda Qasım molla ünvanı almışdı. Keçmişdə molla elm əhlinə verilən ad idi.
  Bu səfər Molla Qasımın içinə böyük dərd düşdü. Qul haqqı, axirət hesabı. Necə olacaqdı? Sordu, soraqlaşdı Yunus Əfəndinin yaşadığı yeri tapdı. Yanına getdi. Onu yuxudan dik oyadan hadisəni danışdı.
  -Yunus Əfəndi mən təhsilimi başa vurdum. Elimə-obama qayıtdım. Məsciddə imam oldum. Sənin əleyhinə yaranan düşüncənin toxumunu atan mən idim. O hadisəni mən gördüm, mən danışdım. Özüm də eyni şeyi yaşayınca səhvimi anladım. Səndən halallıq istəyirəm.  Yunus da acı təbəssümlə cavab verdi:
  -Halallıq istəyirsən, axı mən sənə necə halallıq verim?! Camaata bir söz demirəm, sən isə mürəkkəb yalamış insan idin. Gəlib qapımı çalar, soruşa bilərdin. Sənə bir şərtlə halallıq verərəm, gedib tək-tək hər kəsə olub-bitəni anladasan. Bu üç-dörd ildə mən nə yaşadım, nə əzab-əziyyət, iztirab çəkdim bir tək Allah bilir. Əgər bunu edərsən halallıq verərəm, yoxsa mənimlə sənin söhbətin Haqq-hesab gününə qalacaq.

  Hüsnü-zəndə ölçü
  Allah Rəsulun (s.ə.s.) hüzurunda bir nəfər haqqında söhbət açıldı. O məclisdə iştirak edən əshabədən bir nəfər həmin şəxsi çox təriflədi. Hər sahədə insanlara yol göstərən, kamil mürşid Rəsulullah (s.ə.s) belə buyurdu: “Yazıq adamsan! Belə etməklə sən, qardaşının boynunu vurdun.” Sonra davam etdi: “Əgər içinizdən biri tanığını, dostunu tərifləmək, öymək istəyir və onun həqiqətən tərifə layiq olduğuna inanırsa, o zaman “zənn edirəm o belə yaxşıdır, belə gözəl cəhətləri var” desin. Həmin şəxsi hesaba çəkəcək Uca Allahdır. Heç kimsə Allaha qarşısında kəsin olaraq təmizə çıxarılmaz.” (Buxari, Şəhadət 16, Ədəb 54; Müslim, Zühd 65)
  Məşhur bir söz var: “Hüsni-zənn elə, ancaq etimad eləmə, güvənmə.” Ətrafımızdakı insanlara da hüsnü-zənn edərkən ölçünü əldən verməməli, Allah Rəsulunun (s.ə.s) tövsiyəsinə qulaq vermək lazımdır. Bir insanı sevməkdə, ona inanmaqda insan ölçünü qaçırarsa, nəticədə həmin şəxsdən mərhəmətsizcə əzab, zərər görər.
   Nəticə etibarı ilə deyə bilərik ki, insanlar bir birinə hüsnü-zənn etməsi lazımdır. Bir şəxs/şəxslər haqqında sui-zənn etmək insanı günah girdabına sürükləyər. Unutmayaq şeytan insanın/insanların damarlarında dolaşaraq həm fərdi, həm də cəmiyyəti günaha bataqlığına çəkməyə çalışır, onun toruna düşməmək lazımdır. İnsanların xəta və günahlarını bağışlamalı, etdiyi günahın kimsəyə zərəri yoxdursa görməzlikdən gəlməli. Lazım gəlsə üsul və üslubu qoruyaraq əlindən tutmalı, doğru yolu tapması üçün dua etməliyik. Biz başqalarının ayıblarını örtərsək, ümid edirik ki, Rəbbimiz də bizim həm bu dünyada həm də axirətdə ayıblarımızı örtər, çünki xətasız qul olmur.




Bənzər məqalələr

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Mənəvi xəstəlik – sui-zənn

Sui-zənnin əsas səbəbləri hansılardır? Sui-zənndən necə qorunmaq olar?

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?

Hüsnü-zənn və sui-zənn

İnsanın əşya və hadisələrə baxışı necədirsə, xarakter və ruhi-mənəvi durumu da tədricən o düşüncə ətrafında formalaşmağa başlayır. Gözəl görmək gözəl düşünməyə zəmin hazırladığı kimi pis görmək də pis düşüncələrə gətirib çıxarır. Zənnin bir qismi gözəldir, digər qismi isə çirkindir. Gözəl olan hüsnü-zənn, çirkin olana isə sui-zənn deyilir.

Sui-zənn və həsəd

Sual: Buyurulur ki, sui-zənn və həsəd ruhi xəstəlikdir. Bu kimi hallara hansı amillər səbəb olur? Onları aradan qaldırmaq üçün nə etmək olar? Cavab: Sui-zənn və həsəd ‒ hər ikisi öz-özlüyündə böyük günahdır. Onlar arasında müəyyən əlaqə var. Yəni birinin varlığı digərinn meydana gəlməsi ilə nəticələnir, biri o birini tələb edir. Məsələn, ətrafa sui-zənlə baxan adam sui-zənn […]


Şərh yaz